24 iyun 2020 23:54
1023

Prezident: Həyat göstərdi ki, bu nə qədər düzgün qərar idi

“Bu gün Gəncə şəhərində modul tipli xəstəxana açılır. Bu əlamətdar hadisə münasibətilə sizi təbrik edirəm.

Qısa müddət ərzində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxana artıq istifadəyə verilir. Nəzərə alsaq ki, koronavirusla mübarizə davam edir, bu xəstəxananın çox böyük əhəmiyyəti vardır”.

“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında deyib.

Dövlərimizin başçısı vurğulayıb ki, Ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır: “Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır”.

Prezident İlham Əliyev bildirib ki, bu xəstəxanaların tikintisi ilə əlaqədar qərar aprel ayında qəbul edilib: “O vaxt xəstələrin sayı kifayət qədər az idi. Eyni zamanda, yəqin ki, xatırlayırsınız, aprel ayında xəstələnənlərin və sağalanların arasında fərq müsbət idi. Daha çox insan sağalırdı, nəinki xəstələnirdi. Amma buna baxmayaraq, hesab etdik ki, əlavə çarpayıların əldə edilməsi də faydalı ola bilər. Həyat göstərdi ki, bu nə qədər düzgün qərar idi. Çünki bu gün xəstələrin sayı artır və beləliklə, bizə yeni çarpayılar lazımdır”.