26 iyun 2020 10:51
3366

Prezident İlham Əliyev: Biz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik

26 İYUN AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜDÜR!

Müdafiə qüdrəti güclənən, mükəmməl, müasir texnika və avadanlıqlarla təchiz olunan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.”

Dövlətimizin başçısı İlham Əliyevin böyük qətiyyətlə və inamla səsləndirdiyi bu fikirlər Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanır.

Daim qeyd olunduğu kimi, hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun- Silahlı Qüvvələr Günündə 102 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb.

Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Ümummilli lider Heydər Əliyev bildirirdi: “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.” 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması bir daha ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirdi. Məsələnin danışıqlar yolu ilə həllində maraqlı olduğunu bəyan edən rəsmi Bakı, eyni zamanda, müstəqilliyimizin, dövlətçiliyimizin qarantı kimi ordunun daha da möhkəmlənməsini daim diqqətdə saxlayır.

Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərir. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.

Ümummlli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 İyun-Silahlı Qüvvələr Gününün Azərbaycanda ümumxalq bayramı kimi qeyd olunması orduya diqqət və qayğının bariz nümunəsidir. Sonuncu dəfə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının, həmçinin Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan hərbi parad Azərbaycan Ordusunun qüdrətini və gücünü bir daha dünyaya nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi yönümlü tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyəti, hərbi texnika və silah sistemləri, o cümlədən Azərbaycanda istehsal olunan və modernləşdirilən silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları bu paradda iştirak etdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduğunu bildirən Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdır. Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdir. Milli kadrlar hesabına möhkəmlənən ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda bir daha nümayiş etdirirlər.

Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da bu gün Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirirlər.

Müdafiə qüdrətimizin artırılmasının Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir: “Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır.” Qeyd edək ki, dövlətimizin başçısı iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra ölkə Prezidenti hərbi hissənin komanda heyəti ilə görüşüb.

Son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. Azərbaycan gəncliyinin hamisi kimi yeni nəslin nümayəndələrinin fiziki cəhətdən sağlam, müasir dünyagörüşlü, beynəlxalq tələbələrə uyğun idarəetmə bacarığına yiyələnmələrinə diqqətlə yanaşan, Azərbaycan gəncliyinin inkişafına xidmət edən Dövlət Proqramının qəbulu ilə ölkə əhalisinin 40 faizini təşkil edən gənclərin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradan cənab İlham Əliyev Ali Baş Komandan kimi gənclərin hərbi xidmət zamanı göstərdikləri nizam intizam və hazırlıqlarından məmnun qalır: “Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.”

Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnika və avadanlıqla təchiz olunmuş qüdrətli ordudur. “Biz müasir silahlar, sursatlar, hərbi texnika alırıq və bu proses davam etdiriləcəkdir. Son illər ərzində hərbi potensialımız yüksək dərəcədə artmışdır. Biz müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri alırıq. Artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr alınır və ordumuzun hərbi gücü artır” söyləyən cənab İlham Əliyev bu fikri böyük inam və qətiyyətlə bildirir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Naxçıvan qələbələri bunu bir daha təsdiqlədi.

Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki, müstəqilliyin qorunmasının onun əldə olunmasından daha çətin olduğunu bildirən ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik. Azərbaycanın 2011-ci ildə 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına iki illik sədrliyi öz üzərinə götürməsi, hazırda pandemiya dövründə dünyaya birlik, həmrəylik çağırışı edərək videoformat şəklində Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və buna yüksək səviyyədə nail olması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyinin göstəricisidir. Bunlar ölkəmizin qazandığı uğurlara, eyni zamanda, ədalətli mövqeyinə əsaslanır. Bu uğurlarımız təbii ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz müsbət təsirini göstərəcək. Təbliğatı real faktlara əsaslanan Azərbaycan iqtisadi qüdrətini artırmaqla problemin həllini yaxınlaşdırır. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin artan iqtisadi və siyasi uğurları fonunda bir daha bu əminliyi ifadə edir: “Mən tam əminəm, məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik.” Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız azad olacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha qüdrətli, güclü dövlət kimi beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirəcək.

Yeganə Əliyeva,

“İki sahil”