06 avqust 2020 18:09
1454

Prezident İlham Əliyev Ermənistanı niyə təkbətək döyüşə çağırdı?

Çünki Ermənistan Azərbaycanla istənilən savaşda məğlubiyyətə məhkumdur

 

İyulun 12-də Ermənistanın Tovuz istiqamətindəki təxribat xarakterli hücumu bir neçə məqsədə xidmət edirdi: Azərbaycanın transmilli layihələrini nəzarətə götürməklə ölkəmizin Avropaya uzanan layihələrini iflasa uğratmaq və Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkəmizə qarşı qaldırmaq. Lakin KTMT-yə üzv ölkələrin mütləq çoxluğu Azərbaycanın strateji müttəfiqləri olduğu üçün Ermənistan tamamilə meydanda tək qalmış oldu. Əksinə, bir xeyli Avropa ölkəsi Azərbaycanın haqlı mövqeyini dəstəklədi ki, bu da Ermənistana geosiyasi zərbə oldu. Artıq beynəlxalq birlik bu ölkənin təcavüzkar siyasətini qətiyyətlə pisləyir. İndiyədək başqalarının himayəsində olan Ermənistan getdikcə olan-qalan «etibarını» da itirməkdədir.

Bu, bir reallıqdır ki, dünyanın qlobal pandemiyaya qarşı mübarizə apardığı dövrdə Azərbaycan iki cəbhədə, həm COVID19-la, həm də işğalçı Ermənistanla savaşır. İşğalçı ölkədə sosial durumun getdikcə ağırlaşdığını, haqlı narazılıqların daha da artdığını görən yeni hakimiyyət bəyənmədiyi köhnə iqtidarın ssenarisini davam etdirmək məcburiyyətində qalıb. Belə ki, baş nazir N.Paşinyan cəbhədə hərbi təxribatlara əl atmaqla diqqəti yayındırmağa çalışır. Ancaq bu şəxs anlamır ki, hərbi təxribatlar zamanı erməni əsgəri Azərbaycan Ordusunun əzici hərbi gücü qarşısında aciz qalır. Məhz iyulun 12-dən sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu cavab tədbirləri həyata keçirməklə şəhidlərimizin qisasını iki qat aldı. Aprel və Günnüt zəfərlərində olduğu kimi, yenə də düşmənə layiqli cavab verildi. Görülən lazımi tədbirlər, qisas əməliyyatı nəticəsində düşmənin onlarla hərbçisi, texnikası məhv edildi. Azərbaycan Ordusu sərrast atəşlə, dəqiqliklə Ermənistanın dayaq, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturunu məhv etdi.

Bu təxribatdan sonra Ali Baş Komandan İlham Əliyev işğalçıya bir daha xəbərdarlıq edərək düşmənin istənilən qəfil hücumunun qarşısının məhz bu cür alınacağını söylədi. Azərbaycanın artıq qüdrətli dövlətə çevrildiyini deyən cənab İlham Əliyev Ermənistanın rəhbərliyinə mesaj göndərərək təkbətək savaşa çağırdı: «Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq».

Cənab İlham Əliyevin qətiyyətli fikirləri işğalçıya və onun havadarlarına sərt mesaj idi. Bu mesajla Prezident bir daha Azərbaycanın bu gün həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm də mənfur qonşu ilə mübarizədə çox böyük gücə çevrildiyini bəyan etdi.

Bu bəyanatdan sonra bir çox beynəlxalq təşkilatlar, xüsusən də Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təxribatlarını pisləyən bəyanatların verilməsi də Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun göstəricisi idi.

Bütün bunlar əlbəttə ki, Ermənistana vurulan ağır psixoloji  zərbədir. Son təxribatlar zamanı aldığı zərbədən hələ də özünə gəlməyən Ermənistanın siyasi hakimiyyətinə bir daha bəlli oldu ki, münaqişənin həllində mövcud status-kvonun saxlanması üçün əl atdıqları təxribatlar özləri üçün pis nəticələr gətirdi. Ona görə də indi Ermənistanın siyasi hakimiyyəti çox yaxşı anlayır ki,  Azərbaycanla istənilən savaşda məğlubiyyət qaçılmazdır.

Lakin cəbhədəki məğlubiyyətini sığortalamaq və cəmiyyətdəki enmiş nüfuzunu yüksəltmək üçün Paşinyan blef edir və guya Azərbaycana qarşı şərtlər irəli sürür. Onun irəli sürdüyü şərtlər avantüradan başqa bir şey deyildir. Bu sərsəm dığanın iddiasına görə, Azərbaycan qondarma «Dağlıq Qarabağ respublikası» ilə danışıqlar aparmalıdır.

Prezident İlham Əliyev bu gülməli və bərbad «şərtlərə» kəskin cavab verərək vurğulayıb ki, ağlı başında olan hər bir adam bunun qəbuledilməz olduğunu görə bilər. Çünki «Dağlıq Qarabağ respublikası» yoxdur. Belə bir «respublikanı» heç kim tanımır: «Ermənistanın hünəri varsa, tanısın «Dağlıq Qarabağ respublikası”nı. Bax mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası «Dağlıq Qarabağ respublikası» ilə danışıqlar aparmalıdır. «Dağlıq Qarabağ respublikası» yoxdur. Qoy erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq».

Ölkəmizin başçısı ermənilərin indiki acınacaqlı halının səbəbkarı kimi məhz Nikol Paşinyan kimi sərsəm və avantüristdə görür. Cənab Prezident bəyan etdi ki, erməni xalqı indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına nə qədər göz yumacaqsa, bir o qədər də cinayətkarların girovu kimi yaşamaq məcburiyyətində qalacaqlar.

Ölkəmizin başçısı Balakəndə bir daha işğalçı Ermənistanın rəhbərliyinə xəbərdarlıq edərək həm kəskin mesajlar ünvanladı, həm də münaqişənin həll ilə bağlı öz şərtini açıqladı: «Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər».

Bu, Azərbaycan Prezidentinin  yürütdüyü qətiyyətli siyasətin əsas prioritetdir. Münaqişənin həlli istiqamətində aparılan bütün danışqlarda xalqın istək və arzusunu əsas tutan ölkəmizin başçısı Ermənistana qəti şəkildə çağırış etdi: «Erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır... Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik».

Elçin Zaman, «İki sahil»