26 oktyabr 2020 17:40
2645

Prezident İlham Əliyev yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirdi

Ölkə  Prezidentinin  “Fox News” televiziya kanalına  müsahibəsi əsas götürülməklə dövlət başçımızın dünya informasiya məkanında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi fəallığı, ardıcıl şəkildə dünyanın aparıcı KİV-ləri vasitəsilə dünya ictimaiyyətinə münaqişə haqqında həqiqətləri çatdırması ibrətamizdir

Dövlətimizin başçısı İlham Əliyevin sentyabrın 27-dən bu günədək dünya ölkələrinin  televiziya kanallarına, digər mətbu orqanlara hər bir müsahibəsi Azərbaycanın siyasi müstəvidə üstünlüyünün bir daha işğalçı Ermənistana və onun havadarlarına çatdırılmasında əhəmiyyətli rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, məhz bu üstünlüyə əsaslanaraq Azərbaycan döyüş meydanında  qələbə əzmini artırır, hər gün xalqımız cəbhə bölgələrindən xoş xəbərlər eşidir. Xarici siyasətində, o cümlədən 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayır, bütün məsələlərin bu prinsiplər çərçivəsində həllinə səy göstərir. Hər bir müsahibədə dövlətimizin başçısı İlham Əliyev Azərbaycan həqiqətlərinin fonunda dünya birliyinin, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili siyasətini əsaslı şəkildə diqqətə çatdırır.

ABŞ-ın “Fox News” telekanalına müsahibəsinə diqqət yetirdikdə görürük ki,  cənab İlham Əliyev yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirmiş, sözün əsl mənasında master-klass keçmişdir. Ölkə Prezidenti  asanlıqla mürəkkəb sualları cavablandırmış, məntiqlə, əks-arqumentlərlə jurnalisti tərk silah etmişdir. Bu müsahibə  əsas götürülməklə dövlət başçımızın dünya informasiya məkanında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi fəallığı, ardıcıl şəkildə dünyanın aparıcı KİV-ləri vasitəsilə beynəlxalq ictimaiyyətə münaqişə haqqında həqiqətləri çatdırması ibrətamizdir. Prezident İlham Əliyev müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Dövlət başçımız dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində Azərbaycanın mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə, səlis izah edir, düşmənin iddialarını əks-arqumentlərlə yerindəcə ifşa edir.

Daim qeyd olunduğu kimi,  sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən alınması, əks-hücum əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi Ermənistanla yanaşı onun havadarlarını da məyus edir, ikili siyasətlərini daha qabarıq şəkildə büruzə vermələri ilə müşayiət olunur.  Qeyd olunan müsahibədə jurnalistin  ünvanladığı suallara diqqət yetirdikdə qərəz özünü qabarıq şəkildə büruzə verir. Gah hərbi təxribatın Azərbaycan tərəfindən törədildiyini bildirir, gah müharibəyə ölkədaxili vəziyyətdən diqqəti yayındırmaq üçün başlandığını vurğulayır, gah Türkiyənin müharibədə üçüncü tərəf kimi iştirakını təsdiqləməyə çalışır və sair. Hər bir sual dövlətimizin başçısı İlham Əliyev tərəfindən əsaslı şəkildə, Nikol Paşinyanın sərsəm bəyanatlarının, əsassız təbliğatlarının əksinə olaraq real faktlara uyğun cavablandırıldı, işğalçıya və onun havadarlarına mesajlarını ünvanladı. Xalqa müraciətində də dövlətimizin başçısı İlham Əliyev bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir: “Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər.»

Azərbaycan illərdir istər münaqişənin həllində, istərsə də demokratik islahatlara yanaşmada ikili siyasətin şahidi olur. “Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq Sizi tənqid edənlər deyirlər ki, Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz, sadəcə, ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz” sualına cavab olaraq dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır: “Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir.”

Ermənistanda yaşananları, daxili gərginlikləri, törətdikləri təxribatları görməzdən gələnlər Azərbaycanda kiçik bir olayı lupa ilə izləyir, əsassız ittihamlar irəli sürür, öz yalanlarını həqiqət kimi təqdim etməyə çalışırlar. Jurnalistin insan hüquqlarının pozulması, korrupsiya ilə bağlı sualına cavab olaraq dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq.

Bu gün Azərbaycana nəyisə irad tutan jurnalistlər təmsil etdikləri ölkələrdə vəziyyətə baxsalar daha yaxşı olar.  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması nə dərəcədə demokratiyanın tələblərinə, beynəlxalq hüququn normalarına uyğundur? Bu hal demokratik ölkə olan Fransanın imicinə, söz və məlumat azadlığına böyük zərbədir. Fransa hökuməti “Şarl Ebdo” jurnalını müdafiə etdiyi kimi,  TF1 kanalını da müdafiə etməli, azğınlaşmış erməni millətçilərinə, erməni icmasına öz yerini göstərməlidir. Necə olur ki, hansısa mətbu orqanda  İslam dini təhqir edilən zaman  bütün dünyada milyonlarla müsəlmanın haqlı tələbinə məhəl qoyulmur və bu mövqe söz azadlığı ilə əsaslandırılır, lakin 5-10 min erməninin hikkəsi əsasında ölkənin aparıcı telekanalından birində söz azadlığı boğulur.

Reallıq budur ki, işğalçı Ermənistana dəstək olmaq işğalçılıq siyasətini dəstəkləmək kimi qəbul olunur.  Fransa kimi dövlət heç bir araşdırma aparmadan ermənilərə sevgisinin nümayişi olan “erməni soyqırımı”nı tanıyıb və bunu bütün dövlətlərdən tələb edir. Hətta Senatda “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı layihə müzakirəyə çıxarıldı. Məhz bu kimi ikili yanaşmalar bu və ya digər ölkələrdə baş verən münaqişələrin nizamlanması prosesinin uzanmasına səbəb olur. Fransanın sentyabrın 27-dən bu günədək  Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı Ermənistanı diz çökdürməsindən narahatlığı  diqqətdən kənarda qalmır. Bir-birinin ardınca verilən,  Ermənistana dəstəkdən irəli gələn bəyanatlarda əksini tapan fikirlərə diqqət yetirmək kifayətdir. Fransa parlament nümayəndə heyətinin Ermənistana və işğal altındakı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfəri də onun vasitəçilik missiyasına ziddir.   

Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində  Ermənistanın havadarlarına səslənərək bildirib ki, Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik”.

Münaqişənin həlli üçün hüquqi bazanın  kifayət qədər geniş olduğunu önə çəkən ölkə Prezidenti vurğulamışdır ki,  bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcuddur: “BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, onları qovaq, bizim torpaqlarımızdan rədd edək. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişlər. Orada qəbul edilmiş sənəd, görünür ki, onları qane etmədi. Bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük. Dərhal hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkəsi digər BMT Təhlükəsizlik Şurasına üzv ölkələrə böyük təzyiqlər edirdi.”

Göründüyü kimi, artıq Azərbaycanın istər döyüş meydanında, istərsə də siyasi müstəvidə üstünlüyü dünyanın dəyişən siyasətinin əsl mahiyyətinin açıqlanmasında mühüm rol oynayır. Amma dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar bir məqamı unutmamalıdırlar ki, zaman keçsə də, dəyişməyən huquq var və bu, bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır.

Yeganə Əliyeva, “İki sahil”