29 yanvar 2019 11:14
8463

Psixoloji yaş anlayışı nə deməkdir?

Hamı yaxşı bilir ki, pasport yaşı ilə bioloji yaşın heç bir əlaqəsi yoxdur. Bu, ən yaxşı qadınlarda nəzərə çarpır. Fikir verməmiş olmazsınız, elə qadın var ki, 30 yaşı olsa da, 50 yaşında görünür. Yaxud da əksinə 50 yaşlı xanımlar gözəllikdə cəsarətlə 25 yaşlı qızlarla rəqabət apara bilərlər. Bəs bu, niyə belə olur? Tədqiqatçılar iddia edirlər ki, uzunömürlülük məsələsində genetika və cavanlaşdırıcı vasitələr açar rol oynamır. Qocalma prosesi birbaşa beyinlə əlaqəlidir.

İnsanın psixoloji yaş anlayışı mövcuddur. Bizim zahiri görünüşümüzü, davranışlarımızı məhz o, müəyyənləşdirir və bu, baş-beyin proseslərindən tam asılıdır. Hələ XIX əsrin əvvəllərində kişi və ya qadın 35-40 yaşında qoca hesab olunurdu. Məşğulluq və daha çox informasiya bolluğundan  bəşəriyyət bütövlükdə uzunömürlü oldu.

Dünya Sağlamlıq Təşkilatı yeni yaş qrupları müəyyənləşdirib. Bu gün gənclik dövrü 25-dən 44 yaşa qədər davam edir. Müasir insanın orta yaş dövrü 44-dən 60-a qədər, 60-dan 75-ə qədər ahıl dövrü sayılır. Qocalıq yaşı isə 75-dən başlayır və 90-a qədər davam edir. 90-dan çox yaşı olanlar isə uzunömürlü adlandırılır.

Amma hər kəsə qismət olmur ki, bədən və dərisini cavan saxlasın, xüsusilə 50 və 60 yaşa qədər. Alimlərin sözlərinə görə, beynimiz, daxili balansın olmaması və həyat tərzi həm ruhən, həm də zahirən gənc qalmağa mane olur. Xarici gözəllik bu 3 əsas amildən asılıdır.

Milyardlarla dollar sərf edilən araşdırmaların əsas fərziyyəsində belə deyilir: Qocalıq prosesinin sürəti beynə bağlıdır.

Bu, asanlıqla sübut oluna bilər. Həyatımızın əvvəlində beynimiz dünyanı dərk etməklə məşğul olur, biliklərə sahib olur və müxtəlif nəticələrə gəlir. Dolayısı ilə bütün orqanizm bu proseslərdə iştirak edir və imkanları daxilində işləyir. Amma həyatda öyrənməyi dayandıranda, dünya gözündə maraqsızlaşmağa və dərhal sonra yaşlanma prosesi başlayır. Beyin və bədən artıq fəal işləmir. Psixoloji qocalığı vaxtında aşkarlamaq əhəmiyyətlidir. Bunun 3 əsas göstəricisi var.

Həyatınızda bütün gözəl hadisələrin artıq baş verdiyini və nələrsə gecikdiyinizi düşünmək onu göstərir ki, yaşlanmağa başlayırsınız. Psixoloji cəhətdən yaşlı adam xatirələri ilə yaşayır, gənc adam planları ilə. Bədbinlik, ümidsizlik hissi, planların olmaması, sonsuz xatirələr psixoloji yaşlılığın göstəriciləridir və bioloji katalizatorlardır.

Qəribədir ki, Amerikada 60 yaşından sonra insanlar müxtəlif kurslara gedir və institutlara daxil olurlar. Hər yeni şey beynin fəaliyyətinə və optimist əhval-ruhiyyəyə köklənməyə kömək edir. Deməli, həm də cavanlaşdırır.

“50 yaşında 20 yaşımdakı kimi işləyə bilməyəcəm, gecikmişəm. Özümə müəyyən məhdudiyyətlər qoymalıyam, yaş o yaş deyil” kimi bu cür fikirlər göstərir ki, psixoloji yaşlılıq birbaşa özünə təəssüf hissi ilə bağlıdır. Əlbəttə ki, yaşa dolduqca çoxumuz özümüzə bəzi qadağalar qoyuruq. Bu, həm ailə məsuliyyətləri, həm də fiziki göstəricilərlə əlaqəlidir.

Yeni dillər öyrənin, gəzin, yeni ölkələri ziyarət edin, müxtəlif tədbirlər təşkil edin. Beləliklə, bir çox gənc sizinlə rəqabət apara bilməyəcək. Özünüzü məhdudlaşdırmayın, fürsətlər axtarın.

Müasir elm və minlərlə tədqiqatlar sübut edib ki, şən və daim axtarışda olan insanlar daha uzun yaşayır və daha gözəl görünürlər. Psixoloji stabillik cavan qalmağın təminatıdır. Problemləri çox ürəyinə salmayan və orada ilişib qalmayan insan daha gənc qalacaq.

Xoşbəxt insanlarda üz qırışları tamam fərqli şəkildə formalaşır, qırışlar daha az nəzərə çarpır və onlar həmişə cəlbedici görünürlər.

Yaxşını görmək bacarığı, yumor qabiliyyəti və hər açılan sabahlar üçün minnətdarlıq hissi psixoloji gəncliyin təməlidir. Bu, beyində baş verən bir sıra hormonal və neyrokimyəvi proseslərə bağlıdır.

Hər şeyə baxmayaraq, beyninizi inkişaf etdirin, sevin və ən əsası pasportunuzda yazılan doğum ilinə fikir verməyin. Bir çox insanlar müəyyən yaş dövrünə çatanda özləri üzərində işləməyi dayandırırlar. Çünki hesab edirlər ki, artıq gecikiblər və ya hər hansı məşğuliyyət növü onlar üçün deyil. Bu, sizin həyatınız, hissləriniz və bədəninizdir. Heç kəsin ixtiyarı yoxdur ki, sizə məhdudiyyətlər qoysun.

Könül Əliyeva, “İki sahil”