18 may 2020 10:47
379

Qabaqlayıcı tədbirlərin əhəmiyyəti

Son bir neçə ay ərzində dünyanı bürüyən koronavirus pandemiyası II Dünya müharibəsindən sonra insanlığın üzləşdiyi ən çətin və ən ağır sınağa çevrilmişdir. Artıq milyonlarla insan bu xəstəliyə yoluxmuş, yüz minlərlə adam isə həyatlarını itirmişdir. Nəticə etibarilə dünyanın ictimai-iqtisadi və mədəni həyatının bir çox sahələrində bərpasına on illər tələb olunan durğunluq halı yaşanmaqdadır. Təbii ki, önləyici tədbirlər görən dövlətlər bu vəziyyətdən daha az itki ilə çıxa biləcəklər.

Bu baxımdan Azərbaycan dövlətinin, onun rəhbəri möhtərəm İlham Əliyevin bu yöndə gördüyü qabaqlayıcı tədbirlər əvvəldən istiqamətin düzgün müəyyənləşdirildiyini sübut edir. Azərbaycan xalqının möhtəşəm yüksəliş və inkişafı cənab Prezidentimiz üçün onun fəaliyyəti dövründə həmişə başlıca amal və müqəddəs bir vəzifə olmuşdur. Bu mənada tüğyan edən koronavirus xəstəliyi ilə bağlı Onun atdığlı addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə əlaqədar Koronavirusla Mübarizəyə Dəstək Fondunun və Operativ Qərargahın yaradılması, mövcud tibbi müəssisələrin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, yaxın zaman kəsiyində müasir modul tipli xəstəxanaların istifadəyə buraxılacağı, səhiyyə işçilərinin əmək haqlarının artırılması, pandemiya dövründə işə gələ bilməyən işçilərin əmək haqlarının saxlanılması, imkansız ailə və şəxslərə maddi və maliyyə yardımının göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhalinin sağlamlığının qorunmasından ötrü karantin rejiminin tətbiqi, xüsusən də müntəzəm olaraq bu istiqamətdə əhaliyə yönəlik müraciət və çağırışların edilməsi insanlarımız tərəfindən çox böyük diqqət, rəğbət, əsl humanizmin bir nümunəsi olaraq qarşılanmış və çətin çağlarda sosial həmrəyliyin cəmiyyətdən ötrü böyük əhəmiyyət daşıdığını bir daha təsdiq etmişdir.

Bu günlərdə, yəni 2020-ci il may ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərlə koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması ilə bağlı Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Qeyd edək ki, 120 üzv dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında qeyd etmişdir: “Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.”

Məlum olduğu kimi, pandemiyanın ilk günlərindən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmas yaratmış və oradan müvafiq mütəxəssislər dəvət olunmuşdur. Xatırlatmaq istərdim ki, hələ martın 23-də pandemiyaya qarşı görülən tədbirlərlə əlaqədar adı şəkilən qurum Azərbaycanı nümunəvi bir ölkə kimi qiymətləndirmişdir. Təkcə bu faktın özü onu deməyə əsas verir ki, ölkəmiz koronavirus xəstəliyinin qarşısının alınması üçün Prezidentimizin rəhbərliyi altında zamanında zəruri və çevik addımlar atmışdır. Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, pandemiya dövründə bizdən ötrü ən önəmli məsələ məhz vətəndaşlarımızın sağlamlığı və onların sosial müdafiəsidir. Bu amal bütövlükdə cənab İlham Əliyevin 2003-cü ildən bəri həmişə başlıca fəaliyyət prinsipi olmuşdur.

İndiyədək görülən profilaktik və müalicəvi tədbirlər sayəsində respublikamızda kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Zirvə görüşündəki çıxışı zamanı cənab Prezident bildirmişdir ki, Azərbaycan koronavirus xəstəliyinin müalicəsi istiqamətində öz təcrübəsini bölüşməyə də hazırdır.

Tam qətiyyətlə demək olar ki, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi bütün tədbirlər vətəndaşlarımız tərəfindən çox böyük rəğbətlə qarşılanır və dəyərləndirilir. Biliyinin, bacarığının, xalqına olan sevgisinin nəticəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq nüfuzu da gündən-günə artmaqdadır. Biz də bir vətəndaş olaraq Prezidentimizin atdığı bütün addımları dəstəkləyərək gördüyü işlərdə hər zaman ona arxa və dayaq olmalıyıq.

T.Səlimov,
Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri