Prezident İlham Əliyev daim vurğulayır ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Dövlət başçısının bəyan etdiyi kimi, “Azərbaycan sosial dövlətdir və biz bunu sözlə deyil, əməlimizlə təsdiq edirik”.
Son illər ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin parlaq təzahürüdür.
Sosial sahədə mükəmməl qanunvericiliyin olması, dövlət tərəfindən müxtəlif sosialyönümlü proqramların hazırlanması və həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması, dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti bu istiqamətdə qazanılan uğurların təməl daşıdır. Bunlardan əlavə, həmçinin dövlət tərəfindən hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və layiqli həyat şəraitinin yaradılması, ölkənin iqtisadi inkişafının yüksək səviyyəyə çatması, yeni iş yerlərinin açılması, uşaqlara, ahıllara, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə qayğı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülüyün dayanmasının əyani təsdiqidir. Sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin başçısının sosial siyasətinin əsas tərkib hissəsidir.
Hazırda Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi və sosial islahatlar ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, onun beynəlxalq aləmdə reytinqinin artmasına da öz müsbət təsirini göstərir. Dövlət başçısının yeni Fərman və sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılır. Yeni sosial paketə uyğun olaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin edilir.
Növbəti sosial islahat mərhələsi çərçivəsində Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam da əhalinin mühüm bir hissəsini təşkil edən - 1,1 milyon nəfər pensiyaçının sosial müdafiəsinin gücləndirilməsinə, bu istiqamətdə əldə olunan nailiyyətlərin davam etdirilməsinə xidmət edir.
Ölkəmizin başçısının Fərman və sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə əlavə olaraq ayrılan illik vəsaitin məbləği 7 milyard manata yaxındır. Qeyd olunan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artıb (130 manat - 345 manat), orta aylıq əməkhaqqı 71,3 faiz artıb (545 manat – 933,8 manat),median əməkhaqqı 2,2 dəfə artıb (486 manata çatıb), əməkhaqqı fondu 2,7 dəfə artıb. Həmçinin sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb (illik 400 mln. manat -1,9 mlrd. manat), ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb (175 manat / 487 manat). Öz növbəsində ehtiyac meyarı 2,3 dəfə artıb (116 manat / 270 manat), yaşayış minimumuna bərabər olub, 10 yeni sosial ödəniş növü təsis edilib.
Aparılan sosial islahatların mühüm bir istiqaməti pensiya təminatını əhatə edib və pensiyaçılarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində son beş ildə mühüm addımlar atılıb
Xüsusilə vurğulamaq lazımdır ki, 4 sosial islahat paketinin hər birində pensiyaların artırılması da təmin edilib. Nəticədə 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə artıb (110 manat / 280 manat), orta aylıq pensiya 2,1 dəfə artıb (208 manat/ 436 manat), yaşa görə orta aylıq pensiya 2 dəfə artıb (234 manat/467 manat) təşkil edib. O cümlədən 2023-cü ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub. Təkcə son bir ildə, yəni 2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16 faiz və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib. Həmçinin son beş ildə pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib. 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahələr sırasına yeni 59 vəzifə, peşə əlavə edilib və s.
Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam da qeyd edildiyi kimi, pensiyalarda növbəti artımları təmin edir
Bu Sərəncama görə, 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır. Artımlar bu ilin 1 yanvar tarixindən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə pensiyaçılara ödənəcək. Məsələn, şəxsin pensiyası bu il yanvarın 1-nə 500 manat təşkil edirsə, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 630 milyon manat xərclənəcək. Məlumat üçün qeyd edək ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanunla 6,5 milyard manat vəsait nəzərdə tutulub.
Ötən ilin əvvəlindən pensiyaların hər il indeksləşdirilərək artırılmasında bütün pensiyaçılar üzrə vahid yanaşmanın tətbiqinə başlanıb. Yəni, pensiyaların hər il indeksləşdirilərək artırılması artıq qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da şamil olunur. Bu da onların pensiyalarının hər il mütəmadi artımına imkan yaradıb. Hazırki indeksasiya əsaslı pensiya artımı da qulluq stajına görə əlavələr təyin edilmiş pensiyalara da aiddir. Həmçinin 2022-ci ildə pensiyaçılara, o cümlədən qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaçılara ödənilən maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilərək, bundan sonra yaranan pensiya məbləğləri 14,7 faiz indeksləşdirilərək artırılıb. Yeri gəlmişkən, yeni Sərəncamla bu praktika davam edir: Bu il də pensiyaların qulluq stajına görə əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və eyni zamanda 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da 11,2 faiz indeksləşdirilməklə 2024-cü ilin əvvəlindən artırılması təmin edilir. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faizi) üstələyir.
Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.
Dövlətimizin başçısının Sərəncamı ilə hər il pensiyaların indeksləşdirilməklə artırılması eyni zamanda istehlak qiymətləri indeksinin əvvəlki il üzrə illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması təmin olunur. Yeni Sərəncam bu istiqamətdə növbəti artımı təmin edir. Yəni bu il yanvarın 1-dək sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 45 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 3960 manat artırılmaqla 48 960 manata çatdırılır. Bu da işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitallarının yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırıldığını göstərir və sığortaolunanların sosial müdafiəsinə xidmət edir.
Böyük qürur hissi ilə demək olar ki, ötən dövrdə həyata keçirilən tədbirlər, atılan addımlar pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin dəfələrlə artırılması, ünvanlı sosial yardımın və özünüməşğulluq proqramlarının daha çox ehtiyacı olan ailələri əhatə etməsi, şəhid ailələrinə və müharibə veteranlarına, qazilərimizə xüsusi qayğı göstərilməsi bir daha təsdiq edir ki, başlıca məqsədi dövlətə, dövlətçiliyə, xalqa və ölkəmizin inkişafına xidmət etmək olan Prezident İlham Əliyevin sosial siyasəti sosial ədalət və sosial rifah prinsiplərinə əsaslanır.
Zahid Rza, “İki sahil”