25 sentyabr 2020 18:16
570

Qanunların aliliyinin qorunduğu demokratik ölkə

Azərbaycan sabit, müasir və demokratik ölkədir. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarına təkcə sənəd və ya qanun layihəsi kimi qəbul etməklə kifayətlənmir, bununla bağlı çox humanist, dolğun addımlar da atıb. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır.

Bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Demokratikləşmə prosesinin sürətləndirilməsinin, ölkənin hərtərəfli inkişafında əsas olduğunu önə çəkən dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlıqlarının, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində atdığı addımların nəticələri göz önündədir.

Konstitusiyamızın qəbulundan ötən 25 ilə yaxın dövr ərzində sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, əfv fərmanlarının imzalanması, Amnistiya aktlarının qəbulu, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, vətəndaş cəmiyyəti quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının rolunun artırılması üçün 30 faizdən artıq maliyyəsini xaricdən alan ictimai birliklərin seçkiləri izləmələrinə qoyulan qadağanın aradan qaldırılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının yüksək səviyyədə qorunması, bu sahədə mövcud qanunvericilik bazasının dövrün tələbinə uyğun olaraq təkmilləşməsi və sair kimi önəmli tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi nümunədir, öyrənilməsi vacibdir.

Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər sırasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha vətəndaş amilinə dəyəri nümayiş etdirmişdir. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların layiqli həyat səviyyəsini təmin etməkdir. Konstitusiyamızda bu reallıq da öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Xalqın iradəsini özündə əks etdirən nəticələr demokratiyanın əsas göstəricilərindəndir.

Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq Konvensiya və sazişlərə qoşulub. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-dən Avropa Şurasının üzvüdür. Milli Məclisin nümayəndələri ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Parlamentlərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin işində və tədbirlərində fəal iştirak edir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini təbliğ edir, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının bərpası işini gücləndirirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilib. Dövlət başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib.

Bu günlərdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışı zamanı bildirdi ki, hökumətimizin başlıca prioritetləri sırasında demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, fundemental azadlıqlar mühüm yer tutur: “Ölkədə vətəndaş cəmiyyəti inkişaf edir, internet, dini etiqad, sərbəst toplaşma azadlıqları tam təmin edilir. Bir neçə ay öncə biz ölkədə geniş siyasi dialoq təşəbbüsü başlatmışıq.Bütün əsas siyasi partiyalar bu təşəbbüsü dəstəkləyib. Uğurla başlanan bu siyasi  dialoq ölkəmizin siyasi sistemini gücləndirəcək, Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcəkdir."

Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır. Dövlətimizin başçısı bildirir: “Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”

Nigar Orucova, “İki sahil”