28 yanvar 2021 18:08
815

Qarabağ Dirçəliş Fondu xalqımızın birlik və həmrəyliyinin rəmzidir

İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf borcudur. Çünki bu dəstək həm də bizim qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Məhz bütün vacib məqamları nəzərə alaraq Prezident İlham Əliyev 2021-ci il yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması, yanvarın 19-da isə bu Fondun fəaliyyətinin təmin edilməsi haqqında fərmanlar imzalayıb.

Qarabağ Dirçəliş Fondu azad olunmuş ərazilərimizin bərpa prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün yaradılmış vahid institutdur. Beynəlxalq təcrübədə postkonflikt bərpa fondları münaqişə nəticəsində dəymiş ziyanın təhlili, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, səhiyyə və təhsil kimi xidmətlərin bərpası, məcburi köçkünlərin evlərinə qaytarılması, iqtisadi bərpa kimi bir çox məsələləri əhatə edir. Qarabağ Dirçəliş Fondu bütün bu məsələləri əhatə etməklə geniş funksionallığa malikdir. Fərmanda da göstərilir ki, Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq - bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir.

Digər tərəfdən yeni yaradılan bu Fond xalqımızın Qarabağın bərpasında birlik və iştirakının təminatçısı olacaq. Postkonflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Buna görə də bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi sözügedən prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Postkonflikt dövründə dövlət - özəl sektor əməkdaşlığının Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resurslarının sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl institutların bu prosesə cəlb olunması iqtisadi bərpa prosesini tezləşdirə və eyni zamanda, qurulan infrastruktur layihələrinin müasirliyini və rəqabət qabiliyyətliliyini artıra bilər.

Fondun əsasnaməsində yer alacaq əsas məsələlərdən biri maliyyələşmə mənbələri ilə bağlıdır. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondunun əsas maliyyə vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. 2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunmuş tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcək. Məlum olduğu kimi, erməni vandallarının 30 il ərzində yaşayış və ictimai binaları yerlə-yeksan edərək dağıtmaları, bütün infrastruktur obyektlərini, maddi-mədəniyyət abidələrini məhv etmələri, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmələri nəticəsində dəymiş ziyanın aradan qaldırılması və həmin ərazilərə yenidən həyatın və iqtisadi inkişafın qayıtması böyük vəsait tələb edir. Bütün bunları nəzərə alsaq bu prosesdə büdcədən kənar vəsaitlərin də cəlb olunması Qarabağa qayıdışımızı sürətləndirəcək.

Hazırda ən mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərimizin sürətli şəkildə bərpası ilə bağlıdır. Qarabağ Dirçəliş Fondunun sürətli şəkildə fəaliyyət qurması, bu fəaliyyət çərçivəsində, eyni zamanda, şübhəsiz ki, ölkə daxilindən və xaricindən gələcək qlobal və irimiqyaslı, Qarabağın inkişaf strategiyasına mühüm töhfələr verə biləcək layihələr bu prosesdə böyük bir imkan qaynağı olacaq. Bu Fondun yaradılması bir daha göstərir ki, Azərbaycan dövlətinin və Prezidentinin məqsədi təkcə ərazilərimizin erməni işğalından azad edilməsi deyil, eyni zamanda, azad edilmiş ərazilərin hərtərəfli bərpa edilərək Azərbaycanın sabit inkişaf edən böyük hissəsi ilə bərabərləşdirilməsi və ölkənin sosial-iqtisadi sisteminə daxil edilməsi də əsas hədəflərimizdən biridir. Bütün bu proseslərlə bağlı Şuşadan tutmuş Kəlbəcərə qədər işğaldan azad edilmiş rayonların hər birinə spesifik yanaşma tətbiq olunacaq. Çünki Zəngilan, Qubadlı rayonlarının iqtisadiyyatı, sosial həyatı, imkanları ilə Şuşa, Kəlbəcər, Laçın, Ağdam və Füzulinin imkanları fərqlidir.

Cavid Əkbərov, “İki sahil”