17 noyabr 2020 10:36
2867

Qaragüruhçular

Deputat Könül Nurullayevaya qarşı aparılan böhtan kampaniyası ona görə iflasa uğradı ki...

Son günlər bəzi qaragüruhçular sosial şəbəkələrdə Milli Məclisin deputatı Könül Nurullayevanı ləkələməyə çalışırlar. Xüsusilə onun guya ayaqqabı ilə bir şəhid ailəsinin evinə daxil olmasıyla bağlı şəkil isə tam olaraq bir böhtan fantaziyasıdır. Ötən gün həmin evin şəkildəki xanımı redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, əslində sosial şəbəkələrdəki bu statuslar və xəbərlər tamamilə yanlışdır, Könül xanıma atılan iftiradır.

Evin sahibi özünü təqdim etdi - Zərifə Gözəlova. O, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11 ünvanında yaşayır: “Biz şəhid ailəsi deyilik, amma qızım Kəmalə Gözəlova birinci qrup əlildir. Yoldaşım vəfat edib. Əlil qızımla 10 kvadratmetrlik kiçik bir otaqda yaşayırdıq. Evimizdə nə hamam, nə də ki, mətbəx var idi. Qızımı plastmas vannada çimdirirdim. Darısqal və şəraitsiz bir otaqda qızımın xəstəliyi daha da artırdı.

Bir neçə ay əvvəl eşitdik ki, Nizami rayonundan deputat seçilən Könül Nurullayevanın seçiciləri ilə növbəti görüşü keçirilir. Qızımı da götürüb deputatla görüşə getdik və problemlərimizi Könül xanıma danışdıq. O, bizə kömək edəcəyini bildirdi və bir neçə gündən sonra qaldığımız ünvana gəldi. Yaşayış şəraitimizlə tanış olduqdan sonra çox kövrəldi və bu qərara gəldi ki, nəinki bizim evimizi təmir etdirsin, hətta evin həcmini artırsın. Ona görə də iş icraçılarına və ustalara dedi ki, bu evin ikinci mərtəbəsini də tikmək mümkündürsə işə başlasınlar. Könül xanım hətta bizim 3 aylıq kirayə haqqımızı da ödədi ki, ustalar işi bitirənədək normal bir evdə yaşayaq.

Könül xanım ev tikilib qurtaranadək bir neçə dəfə gəlib bizə baş çəkdi. Onun həmin sosial şəbəkələrdə göstərilən şəklində isə artıq biz kirayədə qalırdıq və ustalar işə başlamışdılar. Hətta bizə köhnə ev avadanlıqlarına bundan sonra ehtiyac olmayacağını deyən deputat xanım onların yenisi ilə əvəzlənəcəyini bildirdi.

Zərifə Gözəlova dedi ki, noyabr ayının 5-də qızım Kəmalənin ad günü idi. Ona görə də Könül xanım ustalara xahiş etdi ki, evi Kəmalənin ad gününədək hazır etsinlər. Onlar da sağ olsunlar, bu işi vaxtında başa çatdırdılar.

Zərifə xanım xüsusilə vurğuladı ki, indi onun bir otaqlı daxması xeyli genişlənib: “İkinci mərtəbəni yataq otağı etmişik. Aşağıdakı mərtəbədə isə həm mətbəx, həm hamam istifadəyə verilib. Ömrüm boyu mənim paltaryuyan maşınım, qaz plitəm, hamamım, mətbəxim, mətbəx mebelim, kombim olmamışdı. Bütün bunların hamısını, həm də ən yaxşılarını məhz Könül xanım alıb bizə verdi”.

Zərifə Gözəlova dedi ki, bu gün ölkəmiz müharibə şəraitindədir. Biz müharibədə qələbə qazandıq və bu da məni çox sevindirir: “Allah dövlətimizi daha qüdrətli etsin, Ali Baş Komandanımız var olsun. O cümlədən, Könül Nurullayeva kimi deputatlarımıza da cansağlığı arzulayıram. Onun mənim kimi kimsəsiz, kasıb və həm yetim, həm də əlil qayğısına qalan birisinə belə diqqət göstərməsi isə biz sadə vətəndaşların öz dövlətinə və xalqına olan güvənini daha da artırır”.

Qeyd edək ki, Zərifə Gözəlovanın indiki kiçik, amma gözəl şəraitli evi ən müasir ev avadanlıqları ilə çox gözəl dizayn edilib. Hətta evin xarici görünüşü də göz oxşayır və qonşuları bu evi “nağıl ev” də adlandırırlar. Onlar deyirlər ki, bu kasıb ailəyə belə gözəl şərait yaratmaq ən böyük savabdır ki, məhz Könül xanım bu savabı qazanıb.

Bəli, bu gün bu kiçik ev həm də ona görə bizə geniş və işıqlı göründü ki, içində hüzur, əmin-amanlıq var.

Elçin Zaman, “İki sahil”