25 noyabr 2020 17:16
1979

Qələbə günündə 120-ci qurbanını kəsən dünya çempionu

İki il əvvəl Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə paytaxtımıza gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin şərəfinə 100 qurban kəsən kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev Azərbaycan Ordusunun Vətən müharibəsində Qələbəsini də özünəməxsus şəkildə qeyd edib

Vətən müharibəsi başlayanda 43 yaşlı daxili xidmət polkovnik – leytenantı Araz Musayev də cəbhəyə yollanmaq üçün Səfərbərlik  və Hərbi Xidmət üzrə Dövlət Xidmətinə  müraciət edib. Lakin dünyanın adlı-sanlı idmançıları arasında yeri olan Beynəlxalq dərəcəli idman ustasına bildiriblər ki, onun çalışdığı  Fövqəladə Hallar Nazirliyi də insanların həyatını xilas etmək, onları qorumaq  kimi şərəfli vəzifəni yerinə yetirir.

 Araz da Silahlı Qüvvələrə Yardım Fonduna  10  min  manat məbləğındə vəsait köçürüb. Bununla kifayətlənməyib, elə ilk gündən arzu edib ki,  azğın düşmənə qarşı əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu hər dəfə qələbə qazananda  qurban  kəssin və  ehtiyacı olan aztəminatlı ailələrə paylasın. Özü də dəfələrlə Füzuli bölgəsinə  gedib, cəsur əsgər və zabitlərimizlə görüşüb, onları növbəti qələbələrə ruhlandırıb.  Eşidəndə ki, Azərbaycanın Əməkdar idman ustası  Araz  Musayev Şuşa şəhərinin azad olunduğu gün 120-ci qurbanını kəsib, onunla telefonla əlaqə saxladıq. Cəbhə bölgəsindən yeni qayıtdığını öyrəndik. Dedi ki, mənim  bu qurbanları kəsməklə özümü kimlərəsə tanıtmaq fikrim olmayıb. İdman fəaliyyəti ilə məşğul olan hər bir şəxs istəməsə  belə, cəmiyyətdə göstərdiyi xidmətlərə və qazandığı nailiyyətlərinə görə tanınır.  Mən sadəcə üzərimə düşən məsuliyyəti yerinə yetirmişəm. Bu, mənim borcum idi və bunu etməliydim. A.Musayev  gördüyü  bu işlərdən zövq alır.

 Dəfələrlə qatıldığı  idman yarışlarında qələbənin sevincini dadan Araz üçrəngli bayrağımızı  yüksəklərə qaldırıb. İdman nailiyyətlərində dövlət qayğısının böyük rol oynadığını dönə-dönə qeyd edən Araz Musayev dəfələrlə ölkə rəhbərinin Fəxri Fərman və mükafatları ilə təltif olunub. Prezident İlham Əliyev çempiona mənzil hədiyyə edib. Araz deyir: “Niyyət etmişəm ki, qardaş Türkiyə əsgərlərini Qarabağa gələcəyi gün və  Bakıda Qələbə paradı keçiriləndə  Mir Mövsüm ağanın ziyarətgahındakı qurbangahda növbəti qurbanları da kəsim, orada namaz qılım...”  

Xatırladaq ki, 1977-ci ildə Masallı rayonunun Lürən kəndində dünyaya göz açan Araz 7 yaşından idmanla məşğul olmağa başlayıb, əvvəl idmanın ən qədim növü olan güləşin sirlərinə yiyələnib,  sonra ölkəmizdə təzəcə yayılmağa başlayan kikboksinqlə məşğul olub. Azərbaycanda bu idman növü üzrə ilk dəfə respublika çempionatı keçiriləndə  Arazın 17 yaşı vardı, yarışlarda uğurlu nəticələr əldə etmişdi. O, 1997-ci ildə  ölkə çempionu olmuş və öz çəki dərəcəsində uzun illər birinciliyi qoruyub saxlamışdır. 1998-ci ildə Almaniyanın Köln şəhərində keçirilən Avropa çempionatında ilk dəfə qitə çempionu adını qazandı. Həmin günü Araz belə xatırlayır: "Uşaqlıq arzuma çatmışdım. İlk dəfə dünya çempionu olanda və ölkəmizin bayrağını dalğalandıranda elə hisslər keçirdim ki, onu sözlə ifadə etmək çətindir…" Sevdiyi idman növü üzrə Yunanıstanda düzənlənən planetin ən güclü yarışmasının yarımfinal mərhələsində 2 erməni döyüşçüsünü məğlub edən Arazın finaldakı rəqibi də Rusiyanı təmsil edən erməni idmançı oldu. Lakin idman aləmində azərbaycanlı “qara bəbir”  ləqəbi ilə tanınan  Arazın hücum taktikasına bələd olan rəqibi bu görüşdən  onun xeyrinə imtina etdi.

 2004-cü ilin mart ayında Tailandın Banqkok şəhərində dünyanın 50 ölkəsinin idmançılarının güclərini sınadığı muay- tay idman növü üzrə dünya çempionatında  bütün rəqiblərinə qalib gələrək Araz  6 –cı dəfə dünya, 3 –cü dəfə Avropa çempionu kimi vətənə qayıtmışdır. Azərbaycan idmanının  layiqli təmsilçisi  Araz Musayev 2011-ci ilin oktyabr ayında İtaliyanın Milan şəhərində keçirilən muay-tay üzrə dünya çempionatında da Azərbaycanın yığma komandasını təmsil etmişdir. Qaliblər kürsüsünün birinci pilləsinə qalxan Araz Musayev  Azərbaycanın Əməkdar idman ustası fəxri adına layiq görülmüşdür.

Altıqat dünya çempionu olan Araz Musayev bu döyüşlərində İtaliya, Fransa və İsveç idmançılarına qaib gələrək 81 kq çəki dərəcəsində yeddiqat dünya çempionu tituluna yiyələnmişdir.  2012- ci ildə İtaliyanın Karrara şəhərində  uşu və tayboks idman növləri üzrə keçirilən dünya çempionatında 70 ölkədən 2000-dək idmançının iştirak etdiyi yarışda Araz Musayev  öz ənənəsinə sadiq qaldı: “Hər dəfə qızıl medalla ölkəmizə qayıdanda bizi şəxsən cənab Prezidentin özü qəbul edir və tövsiyələrini verirdi. O, bizi qələbədən qələbəyə ruhlandırırdı.” 7 rəqəminin özü  üçün düşərli olduğunu qeyd edən A. Musayev 2007-ci ildən də Fövqəladə Hallar Nazirliyində çalışır. Hazırda Azərbaycan Mautay Federasiyasının vitse-prezidentidir. Sevdiyi  bu idman növü hər il Tailandda 17 martda  "Milli bayram günü" kimi qeyd olunur.

 İxtisasca hüquqşünas olan Araz 2 övlad atasıdır. 14 yaşlı qızı  Gövhər və  özünün “Pələng” ləqəbi verdiyi 10 yalı oğlu  Furqan da atasının yolu ilə gedir. Əvvəllər  bədii gimnastika ilə məşğul olan Furqan  indi  “Qarabağ” Futbol Klubunun Akademiyasında  məşqlər edir.  Araz deyir “Pələngin” məndən əxz etdiyi xüsusiyyətlər çoxdur. İnanıram ki, o da  idmanda  böyük uğurlar qazanacaq.

 Biz də öz növbəmizdə qəzetimizin adından  Araz Musayevə ictimai fəaliyyətində, övladları  Gövhər və Furqana isə idmanda  böyük uğurlar diləyirik.

Nurəddin Muğanlı,

“İki sahil”