21 oktyabr 2020 18:20
1536

Qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu qələbə tarixini yazır

Azərbaycan xalqının illərdən bəri gözlədiyi böyük qələbə salnaməsinin tarixi səhifələri yazılır. Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu daha da ruhlandırır. Hər kəs əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, xalqımıza zəfər bayramı yaşadacaq.

Şanlı ordumuz düşmənə ağır zərbələr endirməklə torpaqlarımızı azad edir. Azərbaycan Ordusu sentyabrın 27-dən indiyədək əks-hücum əməliyyatları ilə düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurub, işğal altında olan xeyli sayda yaşayış məntəqələrimizi düşməndən təmizləyib. Bu əks-hücum hazırda dünyanın ən güclü orduları sırasında olan, ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilən ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu da artıq aydın göstərib. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir.

Müzəffər ordumuz düşmənə layiqli qarşılıq verir, atəşi kəsməyən atəş nöqtələri sıradan çıxarılır. Azad edilən yaşayış məntəqələrinin adı hər gün çoxalır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatı başlayandan sonra Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan rayonlarında bir neçə kəndi, həmçinin Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, strateji baxımdan mühüm əhəmiyyət daşıyan tarixi adı Ağaoğlan olan Hadrut qəsəbəsini, Tərtərin Suqovuşan kəndini, Murov yüksəkliyini, Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi, Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünü də  işğalçı qüvvələrindən təmizləyib və  Azərbaycan bayrağını azad olan ərazilərimizdə ucaldıb. Bütün bu müjdəli xəbərləri  Azərbaycan xalqına Prezident, Ali Baş Komandan cənab İlham Əliyev çatdırdı.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu ilin 27 sentyabrında başladığı Vətən müharibəsinin ilk günlərindən tarixi qələbəsini təmin etdi.  İndi Ali Baş Komandan hər gün maddi Qələbəmizin müjdələrini verir. Torpaqların işğaldan azad edilməsi isə bizi son Qələbəmizə günbəgün yaxınlaşdırır. Bütün olanlar Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin dünya səviyyəli lider olduğunu sübut etdi və onun qalib sərkərdə adını Azərbaycanın qəhrəmanlıq tarixinin Cavanşir, Babək, Atabəy hökmdarları, Xətai və Nadir şahla şərəflənmiş yeni səhifəsinə yazdı.

“Bu günlər uşaqlı-böyüklü hamımız zəfər sevincləri içərisində yaşayırıq. Çünki Şanlı ordumuz hər gün yeni əraziləri işğaldan azad edir. Ali Baş Komandanımız az qala hər gün bu və ya digər kəndimizin, şəhərimizin düşmən tapdağından azad edilməsi xəbərini paylaşmaqla qəlbimizə fərəh, evlərimizə bayram əhval-ruhiyyəsi gətirir. Bəli, bu gün həsrətli xalqımız böyük Qələbəyə günbəgün yaxınlaşmaqdadır. Sözün açığı, sevinc hisslərimizi sözlə ifadə etməyə çətinlik çəkirəm. Bu gün hər bir azərbaycanlı eyni hissi yaşayır. Çünki gözlərimizin önündə böyük tarixi hadisələr yaşanır. Daha doğrusu, tarix yenidən yazılır, yeni başdan başlayır”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov söyləyib.

Partiya sədri qeyd edib ki, bu il sentyabrın 27-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tarixi dönüş başlandı: “Bu dönüşü Ali Baş Komandanımız İlham Əliyev və qüdrətli Ordumuz başlatdılar. Hal-hazırda mənim doğulduğum Qubadlı uğrunda da döyüşlər gedir. Ordumuz düşmənin müdafiəsini yarıb irəliləyir. İnşallah çox tezliklə cənab Prezidentimizin Qubadlının, Kəlbəcərin, digər yurd yerlərimizin də işğaldan azad edilməsini elan edəcəyinə əminik. Ordumuzun möhtəşəm qələbələri bütövlükdə Qarabağımızın azadlığını günbəgün, anbaan yaxınlaşdırır. Biz həqiqətən də tarixi anlar yaşayırıq. Gələcək nəsillərə fəxrlə danışa biləcəyimiz böyük hadisələrin canlı şahidlərinə çevrilirik. İndi hər kəs televiziyaların ekranlarına köklənib, az qala hamı cənab Prezidentin “Twitter” səhifəsini anbaan izləyir. Fikir vermisinizsə, cənab Prezident də artıq bilir ki, bu gün bütün azərbaycanlılar Ondan hər an, hər saat növbəti xoş xəbərləri gözləyirlər. Oktyabrın 20-də xalqa müraciətində Prezident özü də bu məqama toxundu və qeyd etdi ki, bilirəm, hər gün xoş xəbər gözləyirsiniz məndən, amma səbirli olaq”.

Ə.Hüseynov vurğuladı ki, bu gün başda möhtərəm Prezidentimiz olmaqla hər bir azərbaycanlının ürəyi Qarabağla döyünür, Qarabağda döyünür. Bu gün xalq da, Prezident də şanlı ordumuzla nəfəs alır, əsgərlərimizlə qürur duyur: “Mən fürsətdən istifadə edib Ali Baş Komandanımıza da, hər bir əsgər və zabitimizə də bizə bu möhtəşəm anları yaşatdıqlarına görə, bizim sevinc göz yaşlarımıza səbəb olduqlarına görə həm öz adımdan, həm də bütün MHP-çilər adından dərin minnətdarlıq hissimi çatdırıram. Hər bir əsgərimizi öz balam kimi, qardaşım kimi bağrıma basıb öpürəm. Bu gün hamımızın vəzifəmiz və vətəndaşlıq borcumuz orduya dəstək vermək, Ali Baş Komandanımızın yanında olmaqdır. Zaman həmrəylik zamanıdır, milli birlik zamanıdır. Düşməni məğlub etmək və Qarabağımızı tamamilə işğaldan azad etmək üçün hamımız bir yumruq kimi birləşməliyik. Bu müharibə tarixə işğalçı, terrorçu Ermənistanın təkcə hərbi cəhətdən uduzması ilə deyil, həm də ermənilərin bir dövlət kimi, bir xalq kimi yalanlarla dolu, həyasızlıqla dolu yaşam tərzinin bütün dünyada rüsvay olması ilə tarixə düşdü. Prezidentimiz demişkən, bunu biz etdik, Azərbaycan Ordusu etdi. Bu ordu ilə fəxr etməyə, qürur duymağa dəyər. Dövlət başçımızın mübarizliyini və qətiyyətini də yüksək qiymətləndiririk. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandanımız! Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi: “Erməni işğalına son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Yaqut Ağaşahqızı, “İki sahil”