Son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, genişmiqyaslı islahatlar davam etdirilib, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər özünün müsbət nəticələrini göstərir.
Respublikamızda sahibkarlığın inkişafına hərtərəfli şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Respublikamızda müasir sənaye sahələrinin yaradılması və sənayenin infrastruktur təminatının yaxşılaşdırılması üzrə çoxsaylı layihələrin icra edilməsi onun yeni inkişaf mərhələsinə keçməsinə imkan verib.
Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin davamlı inkişaf meyilləri beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönəldilən strategiyanın nəticələri olaraq Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı rəqabət davamlılığına görə 37-ci, MDB-də isə 1-ci yerdədir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd edildiyi kimi, qeyri-neft sektorunun inkişafına xidmət edən, müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsi yaradılıb, təsərrüfatçılığın və idarəçiliyin mütərəqqi formalarından istifadə genişləndirilib. Konsepsiyada nəzərdə tutulan prioritetlərin icrası kontekstində “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əsas istiqamətlərdən biri kimi sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması istiqamətində təsirli tədbirlərin həyata keçirilməsi qeyd edilib.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra olunması və bu proqrama əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradıb, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşib. Bundan başqa, bölgələrin iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına nail olunub.
Təbii ki, bütün bunların sayəsində cari ilin ötən dövründə ölkəmizdə qeyri-neft ixracında ciddi irəliləyişlər müşahidə olunub. Belə ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon ABŞ dolları və ya 5 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon ABŞ dolları və ya 17 faiz artıb.
Cari ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4 milyon və İtaliyaya 33,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 12 faiz, İsveçrəyə 21 faiz, Gürcüstana 25 faiz və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz) və İtaliyaya (2,6 faiz) göndərilən malların payı üstünlük təşkil edib.
2019-cu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 107,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (85,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Zahid Rza, “İki sahil”