19 mart 2020 10:50
776

Qızıltəpə abidəsində arxeoloji tədqiqat işləri aparılıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərlik etdiyi İmişli arxeoloji ekspedisiyası Qızılkənd ərazisində yerləşən Qızıltəpə abidəsində arxeoloji tədqiqat işləri aparıb.

Ekspedisiya rəhbəri AZƏRTAC-a bildirib ki, aparılan tədqiqatlar nəticəsində Qızıltəpə abidəsinin müdafiə xarakterli və ciddi müdafiə olunan bir qala olduğu müəyyənləşdirilib. O qeyd edib ki, iki hissədən ibarət, 17 metrə yaxın hündürlüyü olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. Qala tamamilə su hövzəsi ilə əhatə olunub. Tədqiqatlar zamanı abidədə stratiqrafiyanı öyrənmək üçün 23 metr uzunluğunda, 1 metr enində şurf qazılıb. Hər 2 metr dərinlikdən təbəqələrin planı çəkilərək öyrənilib.

Onun sözlərinə görə, arxeoloji qazıntı zamanı sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş, eni 55 sm olan divar qatı, qərb istiqamətində çiy kərpicdən hörülmüş divar, yaxşı vəziyyətdə olan təndir kürəsi aşkarlanıb. Qazıntı sahəsində üzərində rəngli naxışlar olan, şirli və şirsiz, həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətləri, mis sikkələr də aşkar olunub.

“Qızıltəpə abidəsi son zamanlar arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış kompleks yaşayış yeri və unikal abidələrdən biridir. Burada mütəmadi qazıntı işlərinin aparılması elmi baxımdan olduqca əhəmiyyətlidir. Qazıntının ilk mərhələsində aşkar olunmuş maddi-mədəniyyət nümunələri bu ərazinin orta əsrlərə aid olduğunu göstərir”, – deyə M.Mustafayev vurğulayıb.

Arxeoloq əlavə edib ki, gələcəkdə aparılacaq tədqiqatlar bölgənin tarixinə dair yeni faktlar əldə etməyə imkan verəcək.