18 may 2020 16:02
409

Qobu Park yaşayış kompleksinə yeni magistral su kəməri çəkilib - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq məcburi köçkünlərin yaşadığı Qobu Park yaşayış kompleksini dayanıqlı içməli su ilə təmin etmək üçün yeni alternativ magistral su kəməri inşa edilib.

Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan vətəndaşların diqqət və qayğı ilə əhatə olunduğunun bariz nümunəsidir. Qaçqın və məcburi köçkünlərin müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi məqsədilə ötən illərdə genişmiqyaslı layihələr həyata keçirilib. 2018-2019-cu illərdə istifadəyə verilmiş Qobu Park 1 və 2 yaşayış massivlərində zəruri kommunal infrastrukturlar yaradılıb. Qəsəbənin içməli su təminatı Kür-Bakı kəmərindən ayrılmış magistral xətt hesabına aparılıb. Yaxın vaxtlarda Qobu Park 3 yaşayış massivinin istifadəyə verilməsilə suya tələbat artacaq. Bu baxımdan məcburi köçkün şəhərciyinə yeni magistral su kəmərinin inşası qərara alınıb. Layihəyə əsasən, kompleksə içməli su Oğuz-Qəbələ-Bakı su kəmərindən ayrılan magistral xətdən veriləcək. Bu məqsədlə Qobu kəndi ərazisindən başlayaraq Qobu Park yaşayış kompleksinə 225 mm diametrli polietilen borularla 5,4 km uzunluğunda magistral su xətti çəkilib. Artıq kəmərin tikintisi yekunlaşıb və komplekin su anbarlarına birləşmə verilib.

Hazırda magistral kəmərdə hidravlik sınaq işləri aparılır və kəmər yuyulub dezinfekasiya edildikdən sonra istismara buraxılacaq. Yeni alternativ kəmərin inşası Qobu Park yaşayış kompleksində yaşayan məcburi köçkünlərin içməli su təchizatının tam dayanıqlığını təmin edəcək. Gələcəkdə  xətlərin hər hansı birində planlı fasilə və ya qəza baş verdikdə sakinlər normal rejimdə içməli su ilə təmin olunacaq.

Orxan Vahidoğlu, "İki sahil"