14 avqust 2020 16:14
1491

Qocalma prosesini sürətləndirən həyat tərzi

Baxmayaraq ki, yaşlanmaq təcrübə və müdriklik gətirir, hər kəs yaşlanma izlərini gizlətmək üçün əlindən gələni etməyə çalışır. Bilirsinizmi ki, bəzi vərdişlərimiz daha tez qocalmağımıza səbəb olur?

Dünyadakı demək olar ki, hər bir insan daha cavan görünmək, sağlam, parlaq görünüşə sahib olmaq istəyir. Ancaq yaş ötdükcə dərimizin elastikliyi azalır və ondakı kollagen və elastin lifləri (hialuron turşusu) illərlə tükənir. Dərimiz daha incə olur və yağ əmələ gətirmə qabiliyyətini itirir ki, nəticədə elastikliyin əvəzində daha tünd və nahamar, şəffaf və batmış görünür.

Bir sıra faktorlar- günəş, istilik, travma, radiasiya və ətraf mühitin çirklənməsi yaşlanmanı gücləndirir. Hamımız bilirik ki, yaşlanma təbii prosesdir və tamamilə qarşısının alınması mümkünsüzdür. Lakin dəriyə qulluq etməklə və sağlamlığımızın qeydinə qalmaqla qismən gec qocala bilərik.

Günəşin zərərli şüaları

Dermatoloqlar hesab edirlər ki, çox insanların etdiyi əsas səhv yay aylarında günəşin zərərli şüalarından qorunmamaqdır. Günəşin zərərli şüaları qocalmanı sürətləndirir, qırışların artmasına, xalların böyüməsinə və dəri xərçənginə səbəb ola bilir.

Yay aylarında gündəlik olaraq, ən az 30 SPF krem işlətmək məsləhətdir. Kremin dermatoloqlar tərəfindən təsdiq olunmasına mütləq diqqət edin.

Siqaret

Dəri yaşlanmasını tezləşdirən ikinci əsas səbəb isə siqaret hesab edilir. Siqaret dəridə kollagen deposunu məhv edir, qırışların artmasına səbəb olur. Siqaretin tərkibindəki nikotin isə dərinin üst qatında qan dövranını zəiflədir, dərinin qəbul etdiyi oksigen və qidalandırıcı maddələri məhv edir.

Siqaret çəkmək və ya siqaret tüstüsünə məruz qalmaq dərinin solğunlaşmasına və rəngsizləşməsinə səbəb ola bilər və oksigenləşmə prosesini pozduğu üçün dəriyə ümumi "çirkin" bir görünüş verə bilər.

Dərini təmizləməmək

Dərinin gec qocalması üçün hər gecə gün ərzində onun məruz qaldığı çirk və tozu mütləq təmizləmək lazımdır. Hər gecə dərini təmizləmək və düzgün vasitələrlə ona müntəzəm qulluq etmək şərtdir.

Az su içmək

Dərinin qocalmasına səbəb olan bir səbəb isə az su içməkdir. Kifayət qədər su içmək ümumiyyətlə sağlamlıq üçün vacibdir, lakin dərimiz üçün su bir töhfədir. Gündəlik ən az 10 stəkan su içməyi vərdiş etsəniz, bədəninizdə və dərinizdə sağlamlığı özünüz hiss etməyə başlayacaqsınız.

Nəmləndiricidən istifadə etməmək

İnsanın 20 yaşlarında bərq vuran dərisi 30 yaşlardan başlayaraq, artıq yaşlanmanın ilk izlərini büruzə verməyə başlayır. Zamanla dərinin quruması və daha həssas olması yaşlanmanı sürətləndirir. Buna görə də, yaş artdıqca dərini mütləq gündə iki dəfə nəmləndirmək lazımdır.

Yaxşı qidalanmamaq

Mütəxəssislər təzə tərəvəz və meyvələrlə dolu sağlam və balanslı bir qida rasionuna riayət edilməsinin ümumi dəri sağlamlığı üçün ən vacib amillərdən biri olduğunu hesab  edirlər.  Qızardılmış qidalar, şəkər yüklü süni souslar və əlavələr ilə işlənmiş qidalar hamısı daha sürətli qocalmaya səbəb olur.

Tez-tez arıqlayıb kökəlmək

Dəri insan orqanizminin ən böyük və ən çox dartılan üzvüdür. Dəri bədəndə zamanla baş verən bütün fiziki dəyişikliklərə uyğunlaşa bilir. Lakin tez-tez arıqlamaq və kökəlmək dərinin elastikliyini azaldır və solğun bir görüntüyə səbəb olur.

Düzgün olmayan kosmetik prosedurlar

Düzgün və yerində edilən kosmetik prosedurlar yaşlanmanı gecikdirir. Dərinin gəncləşdirilməsi və yaşlanma əleyhinə lazer prosedurları zamanı dəri tonu və fəsil mütləq nəzərə alınmalıdır.

Təbii məhsullardan istifadə

Bu gün informasiya əldə etmək rahatlaşdığından hər bir sahədə istehlakçılarda kimyəvi maddələrə qarşı qorxu artıb. Dəriyə qulluq məhsullarında da təbii maddələrə üstünlük vermək aktuallaşıb. Ancaq burada bir nüans var: Yerdəki hər şey, hətta təbii məhsullar da kimyəvi maddələrdən ibarətdir.

"Təbii gözəllik" marketinqi və kimyəvi maddələrə qarşı aparılan mübarizə, bir çox insanın dermatoloji cəhətdən sınaqdan keçirilməmiş və ya klinik təcrübəsi olan mütəxəssislər tərəfindən hazırlanmamış təbii məhsullardan istifadə etməsinə və yanıq, iz və allergiya kimi pis nəticələrə səbəb ola bilər.

Bəzən isə saxta məhsullar hər cür sağlamlıq problemlərinə yol aça bilər. Dərinizə uyğun məhsullar tapmaq istəyirsinizsə, ilk növbədə etibarlı mütəxəssislə və dermatoloqla məsləhətləşin.

Nubar Süleymanova, “İki sahil”