14 yanvar 2026 13:08
428

Qrip SOS-u! - EHTİYATLI OLUN!

Təyyar Eyvazov: Payız-qış aylarında virus infeksiyalarının artımı fəsillik xarakter daşıyır, risk qrupuna daxil olanlar xüsusilə diqqətli olmalıdır

Son günlər ölkə əhalisi arasında qrip və digər kəskin respirator infeksiyaların yayılmasında nəzərəçarpacaq artım müşahidə olunur. Virusların yaranma və yoluxma mexanizmləri, əlamətləri və yoluxma riskindən qorunma üsulları barədə əhalinin məlumatlandırılması olduqca vacibdir.

Maraqlıdır, bəs hansı hallarda insanlar dərhal həkimə müraciət etməli və yoluxmanın qarşısını almaq üçün hansı effektiv tədbirlər görməlidirlər?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı "İki sahil"ə özəl açıqlamasında diqqətə çatdırıb ki, qripin və digər kəskin respirator infeksiyalar üçün fəsillilik xarakterikdi: "Belə ki, payız qış aylarında hər il bu infeksiyaların artımı müşahidə edilir. Viruslara yoluxmanın artmasına mövsümi faktorlardan havanın temperaturunun azalması, quru hava şəraiti, insan immunitetinin təbii zəifləməsi, gün işığının və D vitamini sintezinin azalması, qida ilə vitaminlərin daha da az daxil olması və s.-dir".

...pik həddini yaşayırıq

İnfeksionist bildirib ki, hazırda daha çox rast gəlinən fəsli A qrip infeksiyasıdır. Bu infeksiyanın fevral ayı daxil olmaqla yayılmasının pik həddini yaşayırıq, üzü yaza doğru adətən qripə yoluxma hallarının sayının azalacağı proqnozlaşdırılır. Bundan başqa, müxtəlif digər kəskin respirator virus infeksiyaları da eyni klinik mənzərəni göstərir".

DİQQƏT: Bu insanlarda ağır və fəsadlı keçir

Həmsöhbətimiz vurğulayıb ki, hazırda daha çox müşahidə edilən A qripinin  əvvəlki illərdəki rast gəlinən qrip viruslarından törətdiyi xəstəliyin daha ağır olmasının sübutu yoxdur. Lakin, qrip infeksiyası adətən risk qrupuna daxil olan insanlarda daha ağır və fəsadlı keçə bilir.

Uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar, qeyd edilən qripin ağır gedişinin risk qrupuna daxildir və qrip virus infeksiyası digər kəskin respirator virus infeksiyaları ilə müqayisədə gedişinə görə xüsusən də risk qruplarında daha təhlükəlidir.

Yeni ştam əmələ gəlir?

İnfeksionistin sözlərinə görə, qrip viruslarının daim mutasiyaya uğraması təbii prosesdir. Bunun nəticəsində onlar qazanılmış immunitetdən müəyyən qədər yayına bilirlər. Lakin bu mutasiyalar köklü mutasiyalar deyil. Yeni ştamın əmələ gəlməsinə səbəb olmur.

Yaqut Ağaşahqızı, "İki sahil"