27 iyul 2020 10:41
348

Rauf Əliyev: Erməni faşizmi öz iç üzünü nümayiş etdirir

12 iyuldan başlayaraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat zamanı qəhrəman Azərbaycan Ordusu tərəfindən layiqli cavab alaraq, ağır itgilərə məruz qalaraq geri oturdulan Ermənistan təxribatı başqa müstəviyə keçirdib.

Güclü Azərbaycan ordusundan layiqli cavab alan məkirli qonşumuz bu dəfə öz çirkin siyasətini dünyanın müxtəlif ölkələrində həyata keçirməyə başlamışlar. Son günlərdə Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və dinc aksiya keçirən azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən müxtəlif təxribatlar törədilir.

Ermənistanın Azərbaycan – Ermənistan dövlət sərhədində törətdiyi təxribatlara etiraz olaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar dinc aksiyalar keçiriblər. Bu dinc aksiyalarda iştirak edən azərbaycanlılara qarşı siyasətində faşizm ideologiyasını təbliğ edən, babası faşizmə xidmət etmiş Paşinyanın rəhbərlik etdiyi ermənistan hakimiyyəti tərəfindən yönləndirilən təxribatçı erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər həyata keçirilib və bu hərəkətlər davam etməkdədir. Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı etirazçılara qarşı törədilən təxribatlar ermənilərin əsl mahiyyətini nümayiş etdirir.

Azərbaycanlıların öz Vətənlərini dəstəkləmək üçün müvafiq dövlət örqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları Ermənistandan idarə olunan erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri – insani nifrət hissi ilə üzləşib. On illər boyu aşlanan nifrət və azərbaycanofobiya, terkəfobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dünyanın müxtəlif ölkələrinin paytaxtlarında dinc azərbaycanlı nümayişçilərə fiziki zorakılıq göstərir, digər ermənilər isə Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.

Ermənilərin törətdiyi bu son təxribatlar sıradan, yəni hansısa emosiyadan doğan, qəfildən, birdən alınan hadisələr deyil. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təxribatları haqqında həqiqətləri dünya ictimayətinə çatdırmaq üçün istifadə etdikləri dinc yollaradan çəkindirmək, dinc aksiya iştirakçılarını provakasiyaya çəkərək ölkəmizin imicini zədələmək, Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəflərdən yayındırmaq kimi məqsədlər güdülür.

Ancaq qoy hamı bilsin ki, Ermənistan tərəfindən həyata keçirilən heç bir təxribat Azərbaycanı öz haqq yolundan dönməyə məcbur edə bilməz. Azərbaycan tez bir zamanda cənab Prezident İlham Əliyevin rəhbərliyi müyyənləşdirilən və həyata keçirilən müdrik siyasət nəticəsində, Beynəlxalq Hüququ normalarına əsasən işğal altında olan torpaqlarımızı işğaldan azad edərək öz ərazi bütövlüyünü təmin edəcək.

Rauf Əliyev,
Milli Məclisin deputatı