20 iyun 2026 17:52
110

XİN başçıları telefonla danışıblar - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov iki ölkə arasında müttəfiqlik münasibətlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin məlumatına görə, iyunun 20-də nazirlər arasında telefon danışığı baş tutub.

"Telefon danışığı zamanı Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, əldə olunmuş razılaşmaların icrası, habelə ticarət, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar", məlumatda qeyd olunub.

***

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Bəxtiyor Səidov telefon danışığı aparıb, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbəri sosial şəbəkələrdə məlumat verib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardıq. Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə etdik, qarşıdan gələn müxtəlif səviyyələrdə tədbirlərin qrafiki barədə fikir mübadiləsi apardıq", - o bildirib.

Qeyd olunub ki, qarşılıqlı maraq doğuran ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, energetika və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

"Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli gündəliyin digər məsələlərini də nəzərdən keçirdik", - Özbəkistanın XİN rəhbəri əlavə edib.