26 fevral 2020 20:01
7042

Rənglərin “psixologiyası”

Gündəlik geyimlərimizdə müxtəlif rənglərdən istifadə edirik. Bu rənglər bizə müəyyən rahatliq verir.

Bizim rəng seçimimiz nə ilə əlaqədardır? Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir. Rəngi hiss etmə fizioloji, psixoloji, mədəni və sosial faktorlar əsasında baş verir.

Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirlə əlaqəlidir, insanda həyəcan hissi yaradır.Qara rənglər sırasında nüfuzlu rəngdir. Ona görə də hökümət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır.Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur.

Ağ rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ağ rəng ədalət,inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Köynəklərin ağ yaxalığı üzü cavan göstərir və üzdəki qırışları gizlədir. Şahanə uyğunluq isə ağ-qaradır.

Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüşçü və alovlu əjdaha simvoludur. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə,bilin ki, buna səbəb toplanmış enerjinin sərf olunma arzusudur.Qırmızı rəng bənzərsizdir.O,hər zaman diqqəti özünə cəlb edir.

Narıncı rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər.Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər.Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla  dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.

Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı isə özünə inam və güvən hissi mənasındadır.

Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır.

Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Kim ki,göy rəngi sevir o, yaxşı dostdur.

Mavi rəng etibar, təmkin və hörmət rəngidir. Bu rəng gözə xoş görünür, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.

Qəhvəyi rəng  özünə inanan,dürüst və sadə mənalarını verir. Bu rəng geyinən insanlar etibarlı olmasıyla, tərbiyə və uğurları ilə fərqlənir.

Boz rəng geyinən insanlar psixoloqlara görə şüuraltı görünməz olmağı arzulayır.Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.

Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.

Röya Rasimqızı, “İki sahil”