14 iyun 2019 21:17
2399

Rövnəq Abdullayev neftçiləri təbrik edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Milli Qurtuluş Günü münasibəti ilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi Milli Qurtuluş Günü münasibəti ilə təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzulayıram.

1993-cü il iyunun 15-i Azərbaycanın ən yeni tarixində dönüş anıdır, milli rifaha, xoşbəxt və işıqlı gələcəyə istiqamətlənmiş zəfər yolunun başlanğıcıdır. Həmin gün xalqımızın təkidli tələbi və xahişi ilə ölkə rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyev daxili sabitliyin bərpası, vətəndaş qarşıdurması təhlükəsinin aradan qaldırılması, Azərbaycana qarşı hərbi təcavüzün daha ağır nəticələr vermədən durdurulması üçün müdrik və qətiyyətli addımlar atdı. Qısa müddətdə ölkənin sosial-iqtisadi böhrandan qurtularaq dinamik inkişaf yoluna qədəm qoyması üçün mühüm tədbirlər görüldü. Məhz həmin tədbirlərin, Ulu öndərin əsasını qoyduğu strateji kursun məntiqli nəticəsidir ki, bu gün Azərbaycan misilsiz sosial-iqtisadi inkişaf dövrünü yaşayır, regional miqyasda lider dövlətə çevrilmiş, dünya birliyinə uğurla inteqrasiya etmişdir. Ölkəmizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən  qlobal miqyaslı enerji layihələri onun davamlı inkişafına, beynəlxalq nüfuzuna, durmadan yüksələn rifahına etibarlı təminat yaratmışdır. Ölkə iqtisadiyyatının dayanıqlı artım tempi, xalqımızın durmadan yüksələn sosial rifahı beynəlxalq aləmdə təqdir olunur və alqışlanır. Regionların sosial-iqtisadi inkişafı strategiyasının nailiyyətləri respublikamızın hər yerində özünü göstərir. Abad, müasir infrastruktura malik şəhər və kəndlər, nəqliyyat şəbəkələri, təhsil və səhiyyə müəssisələri, idman obyektləri buna bariz nümunələrdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən qalibiyyətli enerji strategiyası bu gün Azərbaycanı daha aydın üfüqlərə, daha işıqlı sabahlara, daha yüksək zirvələrə doğru aparır. 

Əziz neftçilər!

Ölkəmizin sosial-iqtisadi yüksəlişində, qazanılan tarixi nailiyyətlərində sizin də əvəzsiz xidmətləriniz vardır. Azərbaycan neftçiləri dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xalqımızın rifahı, ölkəmizin daha da qüdrətlənməsi naminə həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasəti daim dəstəkləyir, öz fədakar və məhsuldar əməkləri ilə bu siyasətin uğurlarına öz töhfələrini verirlər. Əminəm ki, Ulu öndər Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının uğurlarının davamlı olması istiqamətində irəli sürülmüş vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin daha da artırılması üçün, həmişə olduğu kimi, var qüvvənizi əsirgəməyəcəksiniz.

Sizi bir daha xalqımızın tarixində əhəmiyyətli yer tutan bu əziz bayram – Milli Qurtuluş Günü münasibəti ilə ürəkdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyətlər arzulayıram. 

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti