12 dekabr 2019 10:31
976

Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir

Dərin, çox əsrlik tarixə malik Azərbaycan-Rusiya əlaqələri mehriban qonşuluq və qarşılıqlı tərəfdaşlıq münasibətləri əsasında inkişaf edir

İkitərəfli və MDB çərçivəsində davam edən əlaqələr hər iki dövlətin siyasi, iqtisadi, mədəni münasibətlərinin şaxələndirilməsinə xidmət etməklə, regional əməkdaşlığın möhkəmlənməsinə də töhfələr verir. İki dövlət arasındakı əməkdaşlığın sarsılmazlığının nümunəsi olan bir neçə məqama diqqət yetirək.

Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Rusiya-Azərbaycan münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edən Prezident İlham Əliyevin vurğuladığı kimi ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur: “Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik... Beş “Yol xəritəsi” çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.”

Azərbaycanla Rusiya arasında iqtisadi, nəqliyyat, ticari, hərbi-texniki əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam edir. Hər iki dövlətin iqtisadi inkişafını gücləndirən nəqliyyat sahəsindəki əməkdaşlıq region dövlətləri üçün də əhəmiyyətli və mühüm istiqamətlərdən biridir. 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmış yüklərin həcmi əvvəlki ildəkindən 8 dəfə çox olub. Şimal-Qərb dəhlizi işə düşüb. Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə, həm cənub, həm də qərb istiqamətində göndərilir. “Bu, çox cəhətdən onun sayəsində mümkün olur ki, biz tarif siyasətimizi razılaşdırmışıq və son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, əlaqələr həm ölkələrimiz, həm də xalqlarımız arasında münasibətlərin ruhu və xarakterini əks etdirir.

Ötən ay Rusiyada rəsmi səfərdə olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın keçirdiyi görüşlər iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını təsdiqlədi. Soydaşlarımızın daha çox məskunlaşdığı Şimal qonşumuzla bütün sahələr üzrə münasibətlərin dostluq və səmimiyyət prinsiplərinə əsaslandığını bütün görüşlərdə bildirən Mehriban xanım Əliyevanın Rusiyaya səfəri tarixi məqamlarla zəngin olmuşdur. Prezident Vladimir Putinlə görüşündə qarşılıqlı əlaqələrin çoxəsrlik tarixə əsaslandığını bildirən Mehriban xanım diqqətə çatdırdı ki, hazırda ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədədir.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafında və möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Mehriban xanım Əliyevanı “Dostluq” ordeni ilə təltif edən Prezident Vladimir Putinin qeyd etdiyi kimi, bu mükafat dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır.

Səfər çərçivəsində Rusiya Hökumətinin başçısı Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşən, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bərpa olunmuş “Azərbaycan” pavilionunun açılışında iştirak edən, TASS Agentliyinə, “Rossiyskaya qazeta”ya, “Rossiya-24” telekanalına müsahibə verən Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən hər görüş ikitərəfli münasibətlərin bir çox aspektlərinin müzakirəsi üçün geniş imkanlar yaratdı. “Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var” söyləyən Mehriban xanım TASS Agentliyinə müsahibəsində ölkələrimiz arasında təhsil, turizm, mədəni əlaqələrin genişlənməsini göstərən məqamlardan bəhs etmiş, çoxkonfessiyalı ölkə olan Azərbaycanın multikulturalizm ənənələrinin təbliğini xalqlararası münasibətlərin möhkəmlənməsinin başlıca şərti adlandırmışdır. “Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşir və sözsüz ki, bu onun çoxəsrlik tolerantlıq və multikulturalizm mədəniyyətinə də təsir göstərir” sözlərinə əlavə olaraq ölkəmizin dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini bildirən Mehriban xanım Əliyevanın fəaliyyətində humanizm ideyaları, xeyirxahlıq təşəbbüsləri istənilən qədərdir.

Azərbaycanda, sərhədlərimizdən kənarda belə humanist fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın alicənablığı, yaxşılığı, səmimiyyəti  gündəlik iş prinsipinə çevirən və seçilən şəxsiyyətlərdən olması artıq reallıqdır. Təşəbbüskarı olduğu layihələri ilə sevilən, çoxlarının ümid, pənah ünvanına çevrilən Mehriban xanımın bütün fəaliyyəti bəşəri ideyalara əsaslanır.

Ötən illərdə Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Provoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi də onun çoxsahəli xidmətlərinə verilən dəyərlərdəndir. Moskvadakı Xilaskar İsa Məbədində keçirilən təltifetmə mərasimindəki çıxışında Mehriban xanıma xeyirxah əməllərinə, genişmiqyaslı fəaliyyətinə görə minnətdarlıq edərək, Azərbaycan xalqına firavanlıq diləyən Ratriarx Kirill ölkəmizin Birinci xanımına ən xoş arzularını da bildirdi: “Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz.”

Məlumat üçün bildirək ki, Knyaginya Olqa Rusiyanı xristianlaşdıran və vahid rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub. 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Mələksima Knyaginya ordeni kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlara verilir. Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə göstərdiyi xidmətlərə görə belə yüksək mükafata layiq görülməsi Azərbaycan qadınlarını dünyada təmsil edən Birinci xanımın siyasi və ictimai fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilməsinin nümunəsidir.

Təltifetmə mərasimində “Biz öz köklərinə, öz ənənələrinə, öz tarixinə çox hörmət edən ölkəyik. Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur. Azərbaycan ilə Rusiya strateji tərəfdaşdır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir” söyləyən Mehriban xanım Rusiyaya noyabr ayında gerçəkləşən səfərində Dünya dini liderlərinin ikinci Sammitinin Bakıda keçirilməsini, Moskvanın və bütün Rusiyanın patriarxı Krillin tədbirdə iştirakını dinlərarası birlik və həmrəyliyin nümunəsi adlandırmışdır.

Azərbaycanın Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi etməsi ölkəmizə göstərilən inam və etibar olmaqla, Rusiya -Azərbaycan münasibətlərinin möhkəm təməl üzərində inkişafının da təzahürüdür.

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun bu günlərdə Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü də xüsusi maraq doğurmaqla, xarici siyasət sahəsində münasibətlərin möhkəmlənməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərin müzakirəsi baxımından yaddaqalan oldu.

Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri ölkələrarası iqtisadi münasibətlərin yeni aspektlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvaya səfəri çərçivəsində “yol xəritələri” siyahısının genişləndirilməsi ilə bağlı razılaşdırmalar yaxşı nəticələr verəcək və iki ölkə arasında əməkdaşlığın məntiqi davamı kimi maraq doğuracaq: “Başqa sözlə desək, bizim əməkdaşlığımızın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır. Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə də münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var.”

Görüşdə qeyd olunduğu kimi, Azərbaycanda əczaçılıq zavodunun açılması, aqrar sahənin inkişafına yönələn sənədlərin imzalanması, Rusiya ilə Azərbaycan arasında tranzit axının artması irəliyə doğru atılan addımların nümunəsidir. “Əlbəttə, biz burada Rusiya-Azərbaycan və Azərbaycan -Rusiya işgüzar şuralarının fəal işini görürük. Çünki layihələrin sayı artır və biz öz tərəfimizdən həmin layihələri dəstəkləmək üçün nə lazımdırsa edirik” söyləyən rusiyalı həmsədr Maksim Oreşkin vurğuladı ki, daha irəli getmək və elə etmək lazımdır ki, bunlar birdəfəlik nəticə deyil, daimi hadisə olsun.

Xuraman İsmayılqızı, “İki sahil”