NATO Rusiya obyektləri tərəfindən hava məkanının bu yaxınlarda pozulması fonunda Polşanın bütün ərazisini müdafiə etməyə hazırdır.
“İki sahil”in Polşa mediasına istinadən məlumatına görə, bunu alyansın baş katibi Mark Rütte Varşavaya səfəri zamanı bildirib.
"Təhlükəli insident baş verib. Polşa güclü müttəfiqdir, sizin burada əla silahlı qüvvələriniz var və indi biz nə baş verdiyini dəqiq müəyyənləşdirməliyik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, NATO-nun Avropadakı qüvvələrinin komandanı çəkindirmə və müdafiə sistemi üçün mümkün təhdidləri müəyyən etmək və zərurət yarandıqda dəyişikliklər təklif etmək məqsədilə vəziyyəti qiymətləndirəcək.
Belə insidentlərin təkrarlanma ehtimalı ilə bağlı suala cavab verən Rütte vurğulayıb:
"Mən bunun baş verməyəcəyini iddia edə bilmərəm, lakin zəmanət verə bilərəm ki, NATO Polşa ərazisinin hər santimetrini qoruyacaq".
Cümə axşamından cüməyə keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşanın hava məkanının pozulması halları qeydə alınıb. Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamışın məlumatına görə, obyektlərin düşdüyü üç yer aşkar edilib.
İki halda, ehtimal ki, söhbət raketlərdən, üçüncü halda isə reaktiv pilotsuz uçuş aparatından gedir. Hadisələr nəticəsində heç kim xəsarət almayıb, kritik obyektlər də daxil olmaqla, infrastruktura heç bir ziyan dəyməyib.