26 oktyabr 2020 18:04
1700

Sağlam qida rasionumuz necə olmalıdır?

Bu gün həyat tempi sürətli olduğu üçün, əksər insanlar qidanı, demək olar ki, çeynəmədən udurlar. Unutmaq olmaz ki, qidanın maye vəziyyətinə gələnədək çeynənməsi bağırsaqların normal fəaliyyətini təmin edən amillərdən biridir. Həmçinin yanlış qidalanma orqanizmdə həzm problemlərinə, qəbizliyə və bunların nəticəsi olaraq, digər xəstəliklərə gətirib çıxarır. Düzgün qidalanma vərdişlərinə qidanı düzgün qəbul etmə qaydası və düzgün gündəlik rasion aiddir. Eyni zamanda, yaxşı çeynəmək üçün dişlər də qaydasında olmalıdır. Dişlərin sağlam olması bağırsaqların normal fəaliyyəti üçün vacibdir. Buna görə də, dişlərə hər zaman qulluq etmək lazımdır.

Sağlam qidalanma vərdişini qazanmaq bir çoxlarımızın düşündüyümüz qədər çətin deyil. Sağlam pəhrizin ilk prinsipi sadəcə müxtəlif cür təbii ərzaqlardan istifadə etməkdir. Bu vacibdir, çünki fərqli qidalar bizi fərqli qida maddələri ilə təmin edir. İkinci olaraq, meyvə, tərəvəz, dənli və paxlalı bitkilər, yəni kompleks karbohidrat, lif, vitamin və mineral cəhətdən zəngin, az yağlı və xolesterolsuz ərzaqlar qida rasionumuzun əsas hissəsini təşkil etməlidir. Qalan hissəsini də az yağlı süd məhsulları, yağsız ət, toyuq və balıq tamamlamalıdır. Yeməkdə həm zülallara, həm də karbohidratlara yer verilməlidir. Həmçinin qidada pektinlərin olmaması bağırsaqların peristaltikasını zəiflədərək qəbizliyə səbəb olur. Buna görə də daha çox meyvə və tərəvəz, xüsusən də kök və çuğundur istifadə etmək lazımdır. Eyni zamanda, rafinə olunmuş qidadan, tərkibinə dadlandırıcı, konservant, kimyəvi boyaq maddələri və s. daxil olan zərərli məhsullardan, eləcə də bağırsaqlarda qıcqırma əmələ gətirən və disbakterioz yaradan ağ çörək və şirniyyatdan imtina etmək (tam buğdalı un məmulatlarına üstünlük verilməlidir), şəkərin istifadəsini azaltmaq, imkan daxilində onu balla əvəz etmək lazımdır. Gecələr bir stəkan təbii qatığa 1 çay qaşığı bal əlavə edərək içmək faydalıdır. Bundan başqa, qəbul etdiyiniz və sərf etdiyiniz kalori arasında tarazlığı qursanız, yəni vücudunuzun sərf edə biləcəyi kaloridən artıq yeməsəniz, piylənmə və artıq çəki problemi ilə qarşılaşmazsınız.

Samirə Tağıyeva, "İki sahil"