19 may 2020 20:21
379

Sahibkarlar onlayn forum keçirəcək

Mayın 20-də Azərbaycan və Rusiyanın Tümen vilayətinin sahibkarları arasında onlayn “B2B Forum” keçiriləcək.

“Caspian European Club” AZƏRTAC-a bildirilib ki, forumda fəxri qonaq qismində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəriliyi və "Opora Rossii" Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının vitse-prezidenti Eduard Omarov iştirak edəcək.

“B2B Forum”da bu ölkələrdə fəaliyyət göstərən şirkətlərin top-menecer və təmsilçiləri, həmçinin iqtisadi məsələlərə nəzarət edən beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər. Forumda “Caspian European Club”un fəaliyyəti barədə məlumat təqdim olunmaqla yanaşı, şirkətlərin təqdimatları keçiriləcək və biznes əməkdaşlığın imkanları öyrəniləcək. Şirkət nümayəndələrinə digər ölkələrdən olan həmkarlarına onları maraqlandıran suallar vermək, həmçinin faydalı biznes əlaqələr mübadiləsi etmək imkanı yaradılacaq.

Onlayn forumda iştirak etmək üçün qeydiyyat formasını doldurmaq lazımdır: http://caspianenergy.org/index.php/az/events-az/item/753-online-b2b-azerbaijan-tyumen-region-forum-20-05-2020  

Forum “Zoom” platformasında keçiriləcək. Qeydiyyatdan keçmiş iştirakçılara tədbirdən əvvəl qoşulmaq üçün link göndəriləcək.