23 aprel 2019 10:08
178

Sahibkarların nəzərinə!

Biznes subyektləri üçün bütün “G2B” (dövlət-biznes) və zəruri “B2B” (biznes-biznes) xidmətlərinin vahid məkanda əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Bakı şəhərində kiçik və orta biznes evinin (KOB evi) yaradılması istiqamətində təşkilati və planlama işləri davam etdirilir.

“İki sahil” xəbər edir ki, KOB evində sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir və biznesi bağla daxil olmaqla beş biznes proses üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” və özəl qurumların 1000-dən artıq “B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaq.

KOB evində bank, sığorta, notariat, dizayn, çap, məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif olunacaq, xidməti ofislər, görüş otaqları və konfrans zalları yaradılacaqdır ki, bu da rahat və işgüzar mühitin formalaşdırılmasına xidmət edəcək.

KOB evində “B2B” xidmətləri göstərməkdə maraqlı olan sahibkarlar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müracət edə bilərlər.