27 iyun 2020 19:06
426

Sədr seçicilərini onlayn qəbul edib

Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin Sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videoqəbulda deputat seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Qeyd olunub ki, S.Qafarova seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin deputatı kimi məşğul olub, bunlarla bağlı müvafiq dövlət qurumlarına müraciətlər ünvanlanıb, həmçinin ötən videoqəbullarda qaldırılan bir sıra məsələlər artıq öz həllini tapıb.

Sahibə Qafarova qeyd edib ki, seçiciləri narahat edən məsələlərin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin başlıca prioritetlərindəndir. O qeyd edib ki, son illərdə ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması, müasir təhsil, səhiyyə, mədəniyyət infrastrukturunun yaradılması, su və kanalizasiya xətlərinin yenilənməsi və bu qəbildən olan digər tədbirlər regionların inkişafında prioritet təşkil edib. O cümlədən, Şəmkir rayonunda da bu istiqamətdə davamlı olaraq genişmiqyaslı işlər görülüb. Milli Məclisin deputatı xüsusi olaraq qeyd edib ki, hətta pandemiya şəraitində belə sosial layihələrin icrası davam etdirilir.

Sahibə Qafarova, həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək bildirib ki, ölkəmizdə bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilib. O, bütün vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və tövsiyələrə əməl etmələrinin vacibliyini vurğulayaraq deyib ki, hər kəs zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməli, sosial məsafəyə riayət etməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir.

Qeyd edək ki, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün icra hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.