“2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ilk növbədə Azərbaycan Prezidentinin gənclərə verdiyi önəmi bir daha diqqətə çatdırır. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.”
Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.
S.Orucov vurğulayıb ki, ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Bunlarla yanaşı, bu gün Azərbaycan gəncləri müxtəlif sahələrdə, o cümlədən qanunverici, icraedici və məhkəmə orqanlarında, eləcə də özəl sektorda uğurla fəaliyyət göstərirlər”. Könüllülərin böyük bir hissəsi gənclərdən ibarətdir və dövlətimiz tərəfindən həmin gənclərin özünü inkişafı üçün müxtəlif şəraitlər yaradılır. Könüllülük heç bir maddi qarşılıq gözləmədən dövləti, milləti, xalqı, üçün çalışan gənclər ordusudur. Biz könüllülük fəaliyyətinin başlanğıcını ilk dəfə “Eurovizion-2012” mahnı müsabiqəsində görməyə başladıq. İlk başlayanda könüllü gənclərin sayı 2-3 min nəfər idisə, artıq Azərbaycanda 100 minlərlə könüllülər ordusu yaranıb. Əvvəllər Azərbaycanda baş tutan hər hansı beynəlxalq tədbirlərin hərtərəfli həyata keçirilməsi üçün tərcüməçilər, bələdçilər dəvət edilirdisə, artıq son 8-9 il ərzində bütün bu öhdəlikləri könüllülər öz üzərlərinə götürüblər.
S.Orucov vurğulayıb ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.
Seymur Orucov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bütün rayonlarda Gənclər evi və Gənclər mərkəzləri yaradılıb. Məqsəd gənclərimizin bir araya gəlməsi, müəyyən müzakirələr aparması üçün ünvan yaratmaqdır. Ümumiyyətlə, bütün bunlar artıq Azərbaycanda gənclər siyasətinin yeni mərhələsinin başlaması deməkdir. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış gənc millət vəkillərimiz var. Ölkədə keçirilən bələdiyyə seçkilərində xeyli sayda gənc qələbə qazandı. Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Avropa Gənclər Forumunun üzvüyük, İslam Konfransı Təşkilatının gənclər strukturunda Azərbaycan qədər fəallıq göstərən az ölkə var. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. İnanıram ki, Azərbaycan gəncliyi göstərilən etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, “İki sahil”