14 dekabr 2019 14:13
1557

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.

Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Mətbuat konfransında mərkəzin rəhbəri Rodderich Lefflerin "Şahdağ" Turizm Mərkəzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu il "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayında ötən illə müqayisədə 5 faizədək artımın olması gözlənilir. Qeyd edib ki, qonaqların təhlükəsizliyi də mərkəzin prioritet məsələlərindəndir. “Mövsümün açılışına hazırlıqla bağlı komanda intensiv təlimlər keçib. Kompleksin ərazisində 7 gün 24 saat ərzində fəaliyyət göstərən klinikamız var. Burada nəinki ilkin yardım göstərmək, hətta cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Onu da qeyd edim ki, qonaqlarımız kompleksin ərazisində istifadə etmək üçün əldə etdikləri keçid kartları həm də onların sığortalanması deməkdir” - deyə Rodderich Lefflerin bildirib.

Dövlət Turizm Agentliyinin media və ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Gülnar Mustafayeva turizmin inkişafı ilə əlaqədar görülən işlər barədə məlumat verib. Qeyd edib ki, ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.