15 yanvar 2021 18:59
836

Şuşanın mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcək

Müsahibimiz Milli Məclisin deputatı Jalə Əliyevadır

- 44 günlük Vətən müharibəsindən sonra ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyətimizin paytaxtı Şuşa şəhərinə səfəri xalqımız tərəfindən rəğbətlə qarşılandı. Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı elan edilməsinin, bu şəhərdə ədəbi, mədəniyyət tədbirlərinin bərpasının önəmini necə dəyərləndirirsiniz?

- İşğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı.  Yanvarın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Şuşa şəhəri mübaliğəsiz Azərbaycanın mədəniyyət beşiyidir. Bu şəhər Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların vətəni olub. Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və görkəmli opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəyib, Xurşudbanu Natəvanın evi erməni təcavüzkarları tərəfindən yandırılıb. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı sürətləndirəcək.

-Təəssüflə deyə bilərik ki, Ermənistan təkcə işğalçılıq siyasəti həyata keçirməyib, eyni zamanda, işğal altında olan ərazilərimizdə vandallıq və barbarlıq edərək bütün maddi və mənəvi obyektləri dağıdıb və sıradan çıxarıb…

- Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm iradə nəticəsində rəşadətli ordumuz 30 illik Ermənistan təcavüzünə birdəfəlik son qoydu. Uzun illərdir erməni işğalı altında qalan əzəli torpaqlarımız düşməndən təmizləndi. İndi isə işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs gəlməsinin vaxtıdır. Bu məqsədlə bu il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsinə 2,2 milyard manat vəsaitin ayrılması  nəzərdə tutulub. Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib. Ölkə Prezidenti və Birinci vitse-prezidentimiz mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərir. Prezident   İlham Əliyev yeni Mədəniyyət nazirini videoformatda qəbul edərkən bildirdi ki, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır, Şuşa şəhərinin restavrasiyasına başlanmalıdır. «Vaxt itirmədən,  tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Həmçinin Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. «Xarı bülbül» festivalı bərpa olunmalıdır. Hər zaman demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik.

 Şuşa şəhəri  Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Şuşada Vaqif poeziya günlərinin, «Xarı bülbül» festivalının bərpa olunması isə böyük əhəmiyyətə malikdir. Xarı bülbül Qarabağımızın rəmzi olmaqla yanaşı, qələbə ilə bitən müharibəmizin də rəmzidir.

- Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Dahi Nizaminin anadan olmasının 880-ci ildönümü ilə bağlı  2021-ci ilin «Nizami Gəncəvi İli”» elan olunması dahi mütəfəkkirə bir daha minnətdarlıq, övladlıq və vəfa borcu deməkdir. Həm də dövlətin, dövlət rəhbərinin sözə, ədəbiyyata bir daha xüsusi önəm və dəyər verməsinin növbəti əyani təsdiqidir. 2021-ci ilin  «Nizami Gəncəvi İli» elan olunması bütün hallarda mədəniyyətimizin və bütövlükdə dövlətimizin tərəqqisinə, dünyaya bir daha səs salmasına xidmət edəcək, öz töhfələrini verəcək.  Bu qərar, mənəviyyat xəzinəmizə yeni, əvəzsiz bir töhfədir. Dünya ədəbiyyatı, söz, mədəniyyət tarixinə «Beşlik»in-«Xəmsə»nin yaradıcısı kimi düşən dahi Nizami Gəncəvinin Azərbaycan  və bütövlükdə bəşər tarixində yeri, rolu, çəkisi hər kəsə bəllidir. Nizami Cəncəvi Azərbaycanın milli kimlik göstəricisidir, milli pasportudur. Bu gün intibahdan, inkişafdan, mədəniyyətdən danışanların hələ mövcud olmadıqları vaxtlarda belə Nizami, böyük Azərbaycan oğlu dünyaya Günəş kimi saçdı, şimşək kimi çaxdı, özü ilə birlikdə Azərbaycanı da bir daha nura boyadı. Bu da bizim şəksiz və şəriksiz uğurumuz, qürurumuz, iftixarımızdır. -Yanvarın 11-də Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Yanvarın 11-də keçirilən üçtərəfli Moskva görüşü Azərbaycanın növbəti qələbəsi, Ermənistanın isə növbəti fiaskosu oldu. Ermənistanın bütün xəyalları yenə suya düşdü. 44 günlük müharibə zamanı «Dəmir yumruq»” ilə məhv edilən düşmən yenidən siyasi-diplomatik məğlubiyyət acısı yaşadı, necə deyərlər, heç olmasa, bu dəfə «əlidolu» geri qayıdacağını düşünən Paşinyan ölkəsinə yenə suyu süzülə-süzülə, məğlub ölkənin başsız başçısı kimi döndü. Çünki növbəti dəfə qarşısında dəmir iradə, sınmaz, əyilməz cəsarət, qüvvət, qüdrət gördü. Moskva görüşü vacib idi. Bəzi qüvvələr yenə də öz xislətlərinə uyğun şəkildə bu görüş hələ baş tutmazdan əvvəl onu qara rənglərlə cəmiyyətə təqdim etməyə uğursuz cəhd etsələr də, istəkləri yenə baş tutmadı, baş tutan yenə görüş oldu. Çünki biz bu görüşə qalib ölkə olaraq getmişdik, çünki Müzəffər Ali Baş Komandan Moskvaya qalib ölkənin lideri kimi getmişdi. Bizim çəkinəcək yerimiz yox idi, biz idik yenə diktə edən və qalib tərəf. Bunu elə görüş zamanı və görüşdən sonra mətbuat üçün verilən birgə Bəyanat vaxtı da  liderlərin üzlərindən, gözlərindən, mimikalarından hiss etmək olurdu. Açıq-aşkar görünürdü ki, kim idi həyəcan, təşviş, narahatlıq, vurnuxma, məyusluq içində olan, kim idi özünü tam arxayın, həyəcansız hiss edən. Elə 10 noyabr Bəyanatının məntiqi davamı olan 11 yanvar Bəyanatı da bizim üstünlüyümüz, bizim uğurumuz, bizim siyasi, iqtisadi, diplomatik, mənəvi qələbəmiz idi. Burada əvvəlcədən «planlaşdırılan» «planların» heç biri yox idi, nə status, nə də «bitməmiş münaqişə» və sair. Çünki artıq nə münaqişə, nə müharibə, nə də status var. Onlar hamısı 44 günlük müharibə ilə yerlə bir edildi, tarixin arxivinə gömüldü. Bu gün Qarabağına tam sahiblənmiş güclü Azərbaycan var və hər kəs də onunla hesablaşmalıdır, necə ki, hesablaşır. Kimsə və kimlərsə hesablaşmaq istəməsələr, təhlükəli sularda yenə üzməyə cəhd etsələr, bir daha xəstə revanşizm xəyallarına qapılsalar, yenə də «Dəmir yumruq»u görəcəklər.

Şəmsiyyə Əliqızı, «İki sahil»