12 fevral 2020 11:13
1246

Sirlərlə dolu müəmmalı yerlər - FOTO

Elmin və texnikanın inkişafına baxmayaraq Yer kürəsində müəmmalı ərazilər, sirri açılmamış yaşayış məskənləri kifayət qədərdir. Həmin yerlərlə bağlı aparılan araşdırmalar hələ də davam etməkdədir.

Braziliya, Javari vadisi

Sivilizasiyadan uzaq olan 14 Amazon qəbiləsinin yaşadığı bu bölgə hökumət tərəfindən təcrid olunmuş yerlərdən biridir. 2000-ə yaxın yerli əhalisi olan Javari vadisinin   yaşayış yerlərinin ölçüsü Avstriyanın ərazisi ilə eynidir. Təcrid şəraitində yaşamağa məcbur olan qəbilənin hüquqları federal agentlik tərəfindən qorunur və xüsusi təyinatlılar sərhədləri nəzarət altına alaraq, onları təcavüzkarlardan qoruyur.

Qrenlandiya

Qrenlandiya Danimarka krallığının ərazisi tərkibinə  daxil olan,  Atlantik və Şimal Buzlu okeanları arasında yerləşir və dünyanın ən böyük sahəsi  olan ada  sayılır. 1000 il əvvəl vikinqlər tərəfindən kəşf olunan bu adanın 80%-i  hal-hazırda buz təbəqəsi ilə örtülüdür. Adanın böyük hissəsində hələ də yaşayış yoxdur. Qrenlandiyada məskən salan 6 qəbilə tədqiqatçılar tərəfindən 1999-cu ildə kəşf edilib. XX əsrin 20-ci və 30-cu illərindən sonra Qrenlandiya daha çox əhəmiyyət kəsb etməyə başladı. Şimali Atlantika üzərindən həyata keçirilən hava marşrutları nəticəsində Qrenlandiyanın iki materik arasında əlverişli dayanacaq nöqtəsi olduğu üzə çıxdı.

Hindistan, Şimali Sentinel adası

Hindistanda yerləşən Şimali Sentinel adası əsrlər boyu sivilizasiyadan təcrid edilib. İnkişafdan qalmış bu adada 400-ə yaxın sakin yaşayır. Sentineldə  yaşayan bu insanlar bu günə qədər  dünyada baş verən hadisələrdən xəbərsizdirlər. Onlar kənar şəxslərlə bütün əlaqələri kəsirlər və adaya gələnləri gördükcə qorxurlar . Hətta bir neçə dəfə adanı müşahidə etmək üçün gələn elmi qruplara hücum da etmişdilər. Qəbilənin sakinlərinin  bu hərəkətlərinə görə Sentinel adası tamamilə kəşf olunmayıb.  Hindistan hökuməti belə adanın təbii gözəlliyi pozulmasın deyə, bura gələn müşahidəçilərin adaya ayaq basmasına  qadağa qoyub.

Vyetnam, Şondonq mağarası

Bu mağara Mərkəzi Vyetnamın Quanqbin əyalətində yerləşir. Hanoydan 500 kilometr cənubda, Fonqya-Kebanq milli parkının ərazisində yerləşən Şondonq mağarası  yalnız 1991-ci ildə tapılıb. Şondonq mağarasının böyük bir hissəsi hələ də kəşf edilməyib. Nəhəng ölçüləri olan mağaranın özünəməxsus faunası və florası var. Əslində bu sirli məkan yerli əhali tərəfindən çoxdan kəşf oluna bilərdi, sadəcə mağaradan çıxan qəribə səslər onları vahiməyə salırdı və onlar buradan uzaq gəzirlər.  Şondonq mağarası dünyanın ən nəhəng mağarası adlandırılıb. Lakin onunla bağlı hələ də sirlər açılmayıb.

Rusiya, Kamçatka

Rusiyanın şərqində yerləşən yarımada dünyada ən zəngin və araşdırılmamış yerlərdən biridir.Komandor adaları ilə Karaqin adası birliktdə Kamçatka diyarını  təşkil edir.Ən böyük şəhəri Petropavlovsk-Kamçatskdır. 1996-ci ildən bəri davamlı püskürən vulkan da daxil olmaqla burada 300-dən çox vulkan fəaliyyət göstərir. Vulkanların görüntüləri Kamçatka bölgəsinin (əvvəllər Kamçatka vilayəti) və Petropavlovsk-Kamçatskiy  şəhərinin bayrağı və gerblərində, həmçinin Kamçatskiydə də istehsal olunan əksər suvenirlərdə görünür. Yarımadanın vulkanları Yunesko-nun Dünya İrsinə daxil olunmuşdur. Buna baxmayaraq vulkanlarla bağlı qaranlıq məqamlar və açılmayan sirlər çoxdur.  Kamçatkanın yerli fauna və florası çox zəngindir. Qəhvəyi ayıların bütün növləri məhz Kamçatka yarımadasında yaşayır. Yarımadanın əhalisi isə cəmi 400 min nəfərdir.

Samirə Tağıyeva, “İki sahil”