07 noyabr 2019 10:40
864

Siz vətəndaşlarla daim təmasda olmalısınız

Dövlətlərin demokratiklik əmsalı həm də hakimiyyətin vətəndaşlara xidmət səviyyəsi ilə müəyyənləşir. Bu baxımdan ölkəmizdə sosial islahatlarla bərabər vətəndaşların qayğıları da diqqət mərkəzindədir.

Bu günlərdə Prezident İlham Əliyev yeni təyin olunmuş Yevlax Şəhər İcra Hakimiyyəti və Xaçmaz Rayon İcra Hakimiyyəti başçılarını qəbul edərkən onlara demişdir: “Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır... Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız”. Bununla da dövlətimizin başçısı mövcud problemləri vətəndaşların dilindən eşitməyin səmərəli olduğunu bir daha vurğulamışdır. Çünki dövlət başçısının əsas məqsədi vətəndaşını rahat, dinc şəraitdə və təmin olunmuş şəkildə görməkdir.

   Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bir daha bu vacib məsələdən söz açmış və bildirmişdir ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara  diqqət maksimum səviyyədə olmalıdır. Belə ki, mövcud binaların düz önündə, yaxud həyətlərdə yeni hündürmərtəbəli binalar tikilməməli, ictimai istifadə üçün yerlər yoxa çıxmamalı, həyətlər ilk növbədə vətəndaşlar üçün rahat olmalı, köhnə binalarda yaşayan vətəndaşlar Günəş işığından məhrum edilməməlidirlər. Vətəndaşların müraciətlərinə lazımi diqqət göstərilməli, onları narahat edən problemlər aradan qaldırılmalı, süründürməçilik hallarına yol verilməməlidir. Yəni vətəndaşları narahat edən neqativ, xoşagəlməz hallara birdəfəlik son qoyulmalı, hər bir sakinin problemi məmurun öz problemi kimi qəbul olunmalıdır. Bütün bunların isə adi bir yolu vardır: qayda-qanuna riayət etmək.

Qeyd edək ki, son illər dövlət başçısının göstərişi ilə məmurlar vətəndaşlarla görüşür, onları narahat edən problemləri həll etməyə can atırlar. Lakin  bəzi hallarda belə addımlar formal xarakter daşıyır, bəzi hallarda isə vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Halbuki vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Prezident, həmçinin bildirmişdir ki, bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır: “Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar”. Bütün bunlara rəğmən, həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar.

Yeri gəlmişkən, qeyd edək ki, vətəndaşlarımız da bəzi işbazların qanunsuz hərəkətlərinə qarşı öz etirazlarını bildirirlər. Belə ki, onlar bəzi hallarda tikinti üçün yerlər zəbt olunanda, qanunsuz olaraq ağaclar qırılanda müvafiq orqanlara məlumat verirlər. Onlara isə bu haqqı ölkə başçısı verib. Əgər xatırlayırsınızsa, ötən il sentyabrın 14-də Prezident İlham Əliyev Bakının Maştağa qəsəbəsində müəllimlərlə görüşündə demişdir: “Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Öz xahişlərini, onları narahat edən məsələləri çatdırsınlar ki, biz də onları həll edək... Mənim işim elə bundan, mövcud olan problemləri həll etməkdən ibarətdir ki, insanları narahat edən məsələlər aradan götürülsün. İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha da çox iş görə bilək”. Yəni  insanları narahat edən məsələlər,  nöqsanlar, çatışmazlıqlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, öz həllini tapsın.  “Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər” deyən dövlətimizin başçısı problemlərdən  xəbərdar olmaq üçün ictimaiyyətin fəallığına, daha doğrusu, ölkəmizdə ictimai nəzarətin vacibliyini bir daha vurğulamışdır. Son illər vətəndaşlarımızın neqativ hallara reaksiya vermələri isə artıq ölkəmizdə ictimai nəzarətin formalaşmasının bariz nümunəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”