15 noyabr 2019 15:54
1110

“Smart-kart” tipli sayğaclardan imtina edilməyib

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, “Azəriqaz” maliyyə imkanlarını nəzərə alaraq “ITRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. Bu cür addım birliyin maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. “Smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də, belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

Mexaniki sayğaclardan istifadə edən abonentlərin isə ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 faiz yerinə yetirilir. Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu, həm də “Azəriqaz” üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur.