11 mart 2026 11:40
344

SOCAR-ın prezidenti ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransında iştirak edib

SOCAR-ın prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransında iştirak edib.

“İki sahil” xəbər verir ki, Vaşinqtonda keçirilən konfrans Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişafı, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi kimi məsələlərə həsr olunub.

Konfrans çərçivəsində “İkitərəfli ticarətin və strateji əməkdaşlığın gücləndirilməsi” mövzusunda açılış sessiyası keçirilib.

Açılış sessiyasında çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf otuz ildən çox müddətdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uğurla davam etdirilən əməkdaşlığın ölkəmizin enerji sektorunun inkişafına mühüm töhfə verdiyini bildirib. ABŞ şirkətlərinin Azərbaycanın iri neft-qaz layihələrində iştirak edən ilk tərəfdaşlardan olduğunu söyləyən SOCAR-ın prezidenti bu əməkdaşlığın möhkəm təməlinin “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulduğunu deyib.

Ötən illər ərzində SOCAR ilə ABŞ şirkətləri arasında səmərəli əməkdaşlığın enerji sektorunun müxtəlif istiqamətlərində genişləndiyini söyləyən Rövşən Nəcəf bu tərəfdaşlığın kəşfiyyat və hasilat ilə yanaşı, mühəndislik, rəqəmsal texnologiyalar və dayanıqlılıq təşəbbüslərinə qədər mühüm istiqamətləri əhatə etdiyini vurğulayıb. Xüsusilə, süni intellektin biznesdə istifadəsinin geniş vüsət alması ilə Data mərkəzlərinin yaradılmasına tələbatın artdığı bir dövrdə bu məsələnin də diqqət mərkəzində olduğunu qeyd edib.

SOCAR-ın prezidenti Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya etibarlı təbii qaz tədarükləri həyata keçirdiyini bildirərək ölkəmizin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Rövşən Nəcəf strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu və uzun illər ərzində formalaşmış uğurlu beynəlxalq əməkdaşlıq təcrübəsi sayəsində Azərbaycanın regional enerji mərkəzi və Xəzər regionuna açılan mühüm qapı kimi mövqeyini daha da möhkəmləndirdiyini qeyd edib.

Regional bağlantıların inkişafının Cənubi Qafqazda iqtisadi əməkdaşlığın və uzunmüddətli sabitliyin formalaşmasındakı rolundan bəhs edən R.Nəcəf TRIPP təşəbbüsünün ticarətin təşviqi və regional inteqrasiyanın artırılması baxımından mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.

Tədbirdə enerji, texnologiya və maliyyə sektorları üzrə əməkdaşlıq imkanlarına dair bir sıra panel müzakirələri təşkil olunub. SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Enerji infrastrukturunun inkişafı və gələcəyin enerji sektoruna kapital axını” mövzusunda keçirilən panel sessiyasında çıxış edib.

Qeyd edək ki, ötən ay “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Bu xüsusda, ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı iki ölkənin şirkətləri arasında biznes əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.