20 sentyabr 2020 09:30
1993

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Neftçilər Günü münasibətilə təbriki

Əziz neftçilər!

Sizi hamımız üçün əlamətdar olan 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü və Neftçilər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 

Müstəqil Azərbaycanın inkişaf və tərəqqisi ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin bəhrəsi olan yeni enerji strategiyasının uğurları ilə sıx bağlıdır. Bu gün Azərbaycan Respublikasının möhtərəm  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm enerji layihələrinə imza atan ölkəmiz davamlı və dinamik sosial-iqtisadi inkişaf yolunda inamla addımlayır. Neft-qaz sənayesinin uğurları qeyri-neft sektorunun inkişafına da güclü təkan verərək, iqtisadi yüksəlişin, xalqın artan rifahının möhkəm təminatına çevrilmişdir. Azərbaycanı qlobal miqyasda neft və qaz tədarükçüsü, eyni zamanda nüfuzlu və etibarlı tərəfdaş kimi tanıdan “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, Cənub Qaz Dəhlizi kimi əzəmətli layihələr ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasında misilsiz rol oynayır. Bunların hər biri “Əsrin müqaviləsi” ilə başlanmış uğurlu tərəqqi yolunun zəfər təntənəsini əks etdirən cahanşümul və epoxal hadisədir. Sevinirik, fəxr edirik ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında bu yol bizi ilbəil daha böyük qələbələrə aparır. Son illərdə beynəlxalq və regional miqyasda qazanılmış nailiyyətlər sırasında Cənub Qaz Dəhlizi layihəsinin uğurları xüsusi əhəmiyyət daşıyır. Dəhlizin əsas seqmentlərindən olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri tikilib istismara verilmiş, kəmərin Avropa ilə bağlantısı həyata keçirilmişdir. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli yeri olan “Şahdəniz-2” layihəsi çərçivəsində dəniz platformalarının inşası və istismara verilməsi vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmışdır. Hazırda Trans-Adriatik Boru Kəmərinin inşasının qrafikə uyğun şəkildə tamamlanması üçün var gücümüzlə çalışırıq. Nailiyyətlərimizdən söz açarkən Türkiyədə “Star” neft emalı zavodunun tikilib istifadəyə verilməsini, Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernizasiya layihələrinin uğurlu inkişafını, eyni zamanda dövrümüzün təxirəsalınmaz tələbi olan rəqəmsal texnologiyalara keçid istiqamətində atılan mühüm addımları qeyd etməyə bilmərik. 

Əziz neftçilər!

Bu gün imzalanmasının 26-cı ildönümünü ruh yüksəkliyi ilə qeyd etdiyimiz “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsində, eləcə də dünya neft sənayesinin inkişaf tarixində müstəsna yer tutan Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşan digər qlobal enerji layihələrinin uğurlarında sizin əvəzolunmaz payınız vardır. Sizin rəşadətli, fədakar əməyiniz Vətənimizin iqtisadi qüdrətinin durmadan artırılmasına, xalqımızın maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Siz qədim və şanlı əmək ənənələrinə malik neftçi sələflərinizin yolunu inamla davam etdirir, üzərinizə düşən vəzifələri ən mürəkkəb şəraitdə belə layiqincə yerinə yetirirsiniz. Dövlətimiz çətin və şərəfli neftçi əməyini daim yüksək qiymətləndirir və sizə dərin etimad göstərir. Əminəm ki, bu yüksək etimadı doğrultmaq və Azərbaycanın neft-qaz sənayesi salnaməsinə yeni-yeni parlaq səhifələr yazmaq üçün bundan sonra da səylərinizi əsirgəməyəcək, Vətənimizin, xalqımızın daha işıqlı gələcəyi naminə əzmlə çalışacaq, ölkəmizin sosial-iqtisadi yüksəlişinə dəyərli töhfələrinizi verməkdə davam etdirəcəksiniz. 

Əziz neftçilər!

Bir daha sizi peşə bayramınız münasibətilə təbrik edir və hamınıza ən xoş arzularımı çatdırıram.   

Hörmətlə,

Rövnəq Abdullayev,

SOCAR-ın prezidenti