11 mart 2020 09:35
2587

SOCAR və "McKinsey" birgə strateji inkişaf planı hazırlayır - FOTO

SOCAR və məşvərətçi "McKinsey" şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planı hazırlanır.

SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, qeyd olunan plan SOCAR-ın prezidenti Rövnəq Abdullayevin ''Özbəkneftegaz'' ASC-nin İdarə Heyətinin sədri Məhriddin Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.

Görüşdə SOCAR və ''Özbəkneftegaz'' arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edilib, “Özbəknefteqaz” ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilib.

SOCAR-da tətbiq edilən rəqəmsal texnologiyaların, SAP şirkətinin müxtəlif modullarının, süni zəka texnologiyalarının tətbiqi haqqında qonaqlara ətraflı məlumat verilib, əldə olunan nailiyyətlərin və təcrübənin bölüşdürülməsi üçün texniki səviyyədə bir sıra görüşlərin keçirilməsi qərara alınıb. SOCAR-ın müasir neft-kimya kompleksinin tikintisi ilə bağlı təcrübəsinin, həmçinin, Heydər Əliyev adına NEZ-in moderinizasiyası istiqamətində həyata keçirilən layihənin detallı öyrənilməsi məqsədi ilə təcrübə mübadiləsi aparılacağı da qeyd olunub.