15 oktyabr 2019 11:09
227

Sosial fobiya nədir?

Fobiya təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə, təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir.

Mütəxəssislər sosial fobiya və sosial fobiyaya səbəb ola biləcək hallar haqqında bildirirlər ki sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik, ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi davranışının qorxusudur. Bu cür şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən, ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar və bunlardan bacardıqları qədər qaçmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmışlıq duyğusu və qorxu hiss edirlər.

Ən çox müşahidə olunan digər ictimai qorxular başqalarının qarşısında danışmaq, yemək yemək, görüşlərdə və yığıncaqlarda iştirak etməkdir. Bu cür insanlar, eyni zamanda keçirdikləri hissi digər insanların anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq həssas olurlar. Haqlarını müdafiə etməkdə çətinlik çəkirlər, mənliklərində hörmətində aşağılıq, ya da alçaq duyğular hiss edirlər.

Hər on nəfərdən birində həyatının hər hansı bir dövründə sosial fobiya müşahidə oluna bilər. Ümumiyyətlə, bu vəziyyət şəxsiyyət xüsusiyyəti olaraq qiymətləndirilir və müalicə edilə bilən problemdir. Ancaq insana həddindən çox narahatlıq verməyə başlasa mütəxəssislərə müraciət olunmalıdır. Bu da təxminən 30 yaş ərəfəsində artır. Sosial fobiya zamanı üz qızarması ilə bərabər ürək döyünməsi, həyəcanlanma, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi baş verir.

Fobiyalar müxtəlif yaşlarda başlaya bilər. Geniş yayılmış forması isə əsəb pozuntularıdır. Fobiyalardan əhalinin 15-18%-i əziyyət çəkir. Fobiyaların aşkar edilməsində Zanqın özünüqiymətləndirmə təşviş cədvəlindən istifadə edilir.  Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale - ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W.K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən “nadir hallarda”, “arabir”, “tez-tez” və ya “əksər hallarda” cavablarından birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntusunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir.

Müalicə olunmaq üçün qorxu, ya da narahatlıq insanın adi gündəlik işlərini, iş, ya da məktəb həyatını, ictimai fəaliyyətlərini pozacaq dərəcədə olmalıdır. Bu halda olan insanların müalicəsi ictimai bacarıq təhsili, boşalma məşqləri və laqeydləşdirmə texnikaları,  fərdi və ictimai fəaliyyət müalicəsi, qrup psixoterapiyası kimi üsullar ilə, bəzən də dərman preparatlarının köməyi ilə mümkündür.

Röya Rasimqızı, “İki sahil”