11 yanvar 2019 11:12
18406

Sosial şəbəkələrdə istifadə olunan (#tbt) nə deməkdir?

İnstaqram sosial şəbəkələr sırasında   öz məşhurluğu, çoxfunksiyalılığı, rəngarəngliyi, tez-tez yenilənməsi ilə seçilir. Fəaliyyətə başladığı ildən instaqram istifadəçilərinin sayı ilbəil artır.

Virtual sosial aləmdə baş verənlər tez bir zamanda aktuallaşır. Daha çox məşhurların hesabından  edilən şəkil, video, xəbər  paylaşımları, instaqram dili ilə desək, tez zamanda “trend” olur. Yəni  dəbdə olur, aktual olur.

Son vaxtlar instaqramda (#tbt)   etiketi ilə paylaşılan  şəkil və videoların sayı artıb. İstifadəçilərin bu  ad altında paylaşımlar etməsi artıq ənənə halını alır. Bəzi insanlar isə bu həştəqin  nə demək olduğunu bilmirlər.

(#tbt) etiketinin mənası nədir və ondan nə zaman istifadə olunur?

Bu birləşmə ingilis sözlərdən yaranıb. Açılışı “Throw Back Thursday”-dir. Hərfi tərcüməsi Cümə axşamına doğru  kimi izah olunur. Bir deyim olaraq ümumi mənası  isə “nə günlər idi...” deməkdir. Arxivdən, keçmişdə çəkilən hər hansı şəkil və ya video paylaşarkən  istifadə edilir.  Bu başlığın verilməsi isə  nə gözəl günlər idi, kaş bir də olardı,  həmin tarix yenə yaşanardı kimi hissləri, duyğuları ifadə etmək üçün istifadə olunur. Sırf nostalji əhəmiyyət daşıyır. Bu sosial etiket məşhurlaşmadan öncə isə  instaqram istifadəçiləri əsasən (#archieve, #old, #nostalgic) kimi  etiketlərə müraciət edirdilər. Hazırda (#tbt) birləşməsinə  bu etiketlərin müasir və son variantı kimi  baxılır.

2012-ci ildən bu etiket ilə  paylaşımlar edilsə də, ənənə halını alıb dəbə düşməsi isə 2017-ci ilə aiddir. İlk dəfə bu həştəqdən Nice Kicks adlı instaqram hesabı  paylaşımları zamanı istifadə edirdi. Belə ki, o hər həftənin cümə axşamı günü  paylaşımları edərək (#tbt) etiketindən də istifadə edirdi.

Bu  instaqram həştəqinin bu cür məşhurlaşmasının səbəblərindən biri də ondan məhz tanınmış şəxslərdən istifadə etməsi oldu. Və beləliklə ənənə halını aldı.

Yarandığı ilk vaxtlarda ondan əsasən cümə axşamı günündə istifadə olunurdusa  artıq gün nəzərə alınmır. İstənilən gün paylaşım edərkən bu həştəqdən istifadə olunur. Təkcə profilin əsas səhifəsində deyil , bəzən “story”,  yəni hekayə bölməsində də bu etiketdən istifadə olunur. Əsası instaqram ilə qoyulan bu həştəqdən artıq  Facebook, Twitter kimi sosial şəbəkə istifadəçiləri  də yararlanır. 

Yaqut Ağaşahqızı, “İki sahil”