09 sentyabr 2019 10:45
88

Sosialyönümlü sərəncamlar əhaliyə daim diqqət və qayğı ilə yanaşılmasının bariz sübutudur

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə sentyabrın 1-dən dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının 20 faiz artırılması müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır. Bu, tək maddiyyatla bağlı deyil. Sosialyönümlü sərəncamlar əhaliyə daim diqqət və qayğı ilə yanaşılmasının bariz sübutudur.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz rayonu Nazim İsayev adına Yeni Həyat qəsəbə tam orta məktəbin direktoru Adil Mədətov deyib.

A.Mədətov bildirib ki, ölkəmizdə insanların rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən islahatların başlıca məqsədidir.

“Bizim məktəbimiz Xaçmaz rayonunda şagirdlərin yüksək nəticələrinə görə fərqlənən təhsil ocaqlarındandır. Məzunlarımız yüksək balla ali məktəblərə daxil olur. Bu il 14 məzunumuz bizi sevindirib. Biz müəllimlər də gələcəyimiz olan bu gənclərin uğuruna sevinirik. Bu nailiyyətlərin qazanılmasında təhsilə göstərilən diqqət öz rolunu oynayır. Azərbaycanın hər yerində yeni məktəblər tikilir. Müəllimlərin iş şəraiti yaxşılaşdırılır. Maaşlarımızın artırılması da bizi səylə çalışmağa sövq edir. Bilirsiniz ki, təkcə müəllimlərin əməkhaqları deyil, həmçinin aylıq minimum əməkhaqqı, dövlət orqanlarında çalışan dövlət qulluqçuları olmayan işçilərin, eləcə də dövlət müəssisələrində çalışan digər şəxslərin əməkhaqları, sosial müavinətlər və pensiyaların artırılması barədə sərəncamlar imzalanıb. Bu sərəncamlar bütün Azərbaycan ailələrinin rifahının yüksəlməsinə hesablanıb”, - deyə A.Mədətov söyləyib.