02 iyul 2020 17:19
632

Sözün bitdiyi yer... Dünya bu rəsmdən danışır!

Hindistanın nəzarəti altında olan Cammu Kəşmirdə təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında çıxan qarşıdurmada ölən babasının üstündə oturaraq ağlayan 3 yaşlı uşağın şəkli dünyada rezonans doğurub.

“İki sahil” xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü iddia edilən Bəşir Əhmədin sinəsində oturan 3 yaşlı nəvəsinin şəkli Pakistanın gündəminə çevrilib.

B.Əhmədin qardaşı oğlu Faruk Əhməd əmisinin ölümü ilə bağlı yerli mətbuata açıqlamasında təhlükəsizlik qüvvələrini ittiham edib: “Maşında oturan Əhmədin polis tərəfindən maşından çıxarıldığını görənlər olub. Şahidlər dedilər ki, polislər uşağı da babasının sinəsinə qoyaraq şəklini çəkiblər”.

Sosial şəbəkələrdə çoxlu paylaşımdan sonra Cammu Kəşmirlə bağlı məsələləri tez-tez dünyanın gündəminə çıxaran Pakistan tərəfindən reaksiya verilib.

Fotonu “Twitter”də paylaşan Pakistan Prezidenti Arif Alvi qeyd edib ki, öldürülmüş babasının sinəsinə oturan 3 yaşlı uşağın fəryadını bütün dünya eşitməlidir. Xarici İşlər naziri Şah Mahmud Kureysi də social şəbəkədə etirazını bildirib.

Pakistanın İnkişaf və İslahat naziri Əsəd Ömer də hadisə ilə bağlı Hindistanı ittiham edib: “Dünyanın səssiz qalmaması və humanitar faciəni dayandırmağın zamanı çoxdan çatıb".

Hindistanda isə B.Əhmədin təhlükəsizlik qüvvələri tərəfindən deyil, terrorçular tərəfindən öldürüldüyü və nəvəsinin Hindistan təhlükəsizlik qüvvələri tərəfindən bölgədən çıxarıldığı barədə məlumatlar yayılır.

Bölgədə xidmət edən hərbçi polis qüvvəsinin sözçüsü Cünaid Han isə deyib ki, məscidin bağından polisə atəş açılıb və verən atışma əsnasında B.Əhməd vurulub.

Hakim Hindistan Xalq Partiyasının (BJP) sözçüsü Sambit Patra da eyni şəkli paylaşaraq, "Pulitzer sevərlər?" - ifadəsini qeyd edib.

"İki sahil"