06 dekabr 2019 10:17
1029

TANAP Avropaya uzanan yol, növbəti zəfər, tarixi nailiyyətdir

Enerji və nəqliyyat layihələrinin reallaşmasında misilsiz rolu olan Türkiyə-Azərbaycan qardaşlığı dünya birliyinə həmrəylik, sabitlik töhfəsidir

“Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur” söyləyən Prezident İlham Əliyevin sözləri, eyni zamanda, Türkiyə -Azərbaycan dostluğunun da ifadəsidir.

İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresindəki çıxışında enerji təhlükəsizliyini dünya siyasətinin başlıca amili adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi,  bu sahədə liderliyini saxlayan Azərbaycanın təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Enerji siyasətinə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, qlobal layihələrin həllində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan iqtisadiyyatın şaxələndirilməsində enerji təhlükəsizliyinin mühüm rol oynadığını reallaşan layihələrlə də təsdiqləyir.

 Təbii ki, qlobal, strateji layihələrin icrasına imkan yaradan, dünyanın enerji xəritəsini yenidən tərtib edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin , Cənub Qaz Dəhlizinin, TANAP-ın inşasında Azərbaycan-Türkiyə dostluğunun böyük rolu vardır. Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün özünü doğruldan şaxələndirmə siyasətinin əhəmiyyətini Cənub Qaz Dəhlizinin icrasında iştirak edən ölkələrin sayının artması da göstərir. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya arasındakı əməkdaşlığı regional sülhün təminatı baxımından yüksək dəyərləndirən cənab İlham Əliyevin siyasi iradəsi sayəsində yaranan tərəfdaşlıq formatı Avropa ölkələrinin Azərbaycan qazı ilə təminatında böyük rola malikdir. Artıq sübut olunmuş faktdır ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təminatına töhfə verən Azərbaycan Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. TANAP kimi nəhəng layihə Türkiyə-Azərbaycan birliyi nəticəsində mümkün olmuşdur. Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılsa da, texniki və maliyyə cəhətdən çox mürəkkəb layihə olan TANAP-ı Azərbaycan-Türkiyə dostluğunun bəhrəsi adlandırmaq olar. Yeddi ölkəni, bir çox şirkətləri birləşdirən Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Avropanın ən böyük infrastruktur layihəsi olan bu kəmərlə Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılır. TANAP-ın tam istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü, zəfəridir. “TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”. söyləyən,  “Mən dünyada siyasi sahədə Türkiyə və Azərbaycan kimi ikinci müttəfiq tanımıram” sözləri ilə iki dövlət arasındakı sarsılmaz birliyi ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi hər iki dövlətin bərabər həyata keçirdiyi qlobal layihələr dünya enerji xəritəsinə, nəqliyyat infrastrukturuna yeni çalarlar gətirir.

TANAP-ın Avropa sərhədinə çatdırılması isə daha bir tarixi gün kimi yaddaşlarda qaldı. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən cənab İlham Əliyevin vurğuladığı kimi, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir.

Avrasiyada ən böyük infrastruktur layihələrindən olan TANAP tərəfdaş ölkələrin enerji təhlükəsizliyini təmin etməklə, siyasi, iqtisadi, mədəni körpülər üçün də təməl, xalqlar arasında anlaşma yaradan körpüdür. “Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir” söyləyən cənab İlham Əliyev Bakı-Tbilisi-Qars dəmiryolunu enerji layihələrinin davamı adlandırmaqla bu layihəni Azərbaycanı, Orta Asiya ölkələrini, Əfqanıstanı və Çini birləşdirən dostluq körpüsü adlandırır.

 Azərbaycan -Türkiyə əməkdaşlığı təkcə neft-qaz, nəqliyyat layihələrinin gerçəkləşməsində deyil, bütün sahələrdə özünü büruzə verir.Türk dünyasının birlik və həmrəyliyinin möhkəmlənməsində, beynəlxalq müstəvidə inkişafında , türkdilli xalqlar arasında inteqrasiyanı təmin etməklə, ölkələrin siyasi-iqtisadi yüksəlişinə təkan verən münasibətlərin genişlənməsində Azərbaycan- Türkiyə faktoru böyük əhəmiyyətə malikdir. Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultaylarında, Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Forumlarında, Azərbaycan və türk diaspor Təşkilatları Əlaqələndirmə Şurasının tədbirlərində , Türkdilli ölkələrin dövlət başçılarının ənənəvi olaraq keçirilən Zirvə Görüşlərində də əsas prioritet kimi daim diqqətdə saxlanılan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı erməni lobbisinə qarşı mübarizə birgə fəaliyyətin əsas istiqamətlərini təşkil edir. 

Respublikamızda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə qeyd olunduğu kimi Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir. “Enerji və nəqliyyat layihələrinn reallaşması ilə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Mən bu gün dünya miqyasında ikinci belə ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olsun. Bizim aramızdakı ticarət dövriyyəsi artır. Bu ilin 9 ayında ticarət dövriyyəmiz 40 faizdən çox artıb və 3,4 milyard dollara çatıbdır. Qarşılıqlı yatırımlar bizim qardaşlığımızı göstərir və eyni zamanda, onu göstərir ki, biz bir-birimizə güvənirik. Bir-birimizin iqtisadiyyatına dəstək veririk” söyləyən cənab İlham Əliyev onu da bildirir ki, bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin sözünün çəkisi artır, imkanı genişlənir və hər kəs bilməlidir, heç kim unutmamalıdır ki, bu qardaş ölkə buna görə kimə borcludur.

Tarixdə liderlərin rolu haqqında kifayət qədər kitablar yazılıb, elmi əsərlər yaradılıb və müxtəlif fərziyyələr, fikirlər var. Onların hər biri qəbuldur. Ancaq tarix göstərir ki, liderin rolu bir çox hallarda həlledici olur, bu, danılmazdır. Bu gün Türkiyə və Azərbaycanın liderlərinin siyasi iradə və qətiyyətləri sabitliyi təcəssüm etdirir və gələcəyə nikbinliklə baxmaq üçün imkan yaradır. “Biz buna sevinirik. Çünki Türkiyənin gücü bizim gücümüzdür, Türkiyənin uğuru bizim uğurumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bütün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, TANAP və Cənub Qaz Dəhlizinin inşası ilə dünyada etibarlı əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə olan Azərbaycan, tranzit və istehlakçı ölkələrlə birlikdə çalışır: “Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir.”

Xuraman İsmayılqızı, “İki sahil”