20 noyabr 2026 01:26
98

Tarixi qayıdışın başlanğıcı

1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə baş tutan Yeni Azərbaycan Partiyasının təsis konfransı müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının təməlini qoydu

1992-ci ilin payızında Azərbaycan tarixinin ən sınaqlı, lakin bir o qədər də taleyüklü mərhələlərindən biri yaşanırdı. Yeni qazanılmış dövlət müstəqilliyi daxili siyasi çəkişmələr, iqtisadi tənəzzül və ağır hərbi-siyasi böhran fonunda ciddi təhlükələrlə üz-üzə idi. Həmin dövrün ictimai-siyasi mənzərəsinə nəzər saldıqda ölkənin gələcəyi o qədər də nikbin görünmürdü. Separatizm meyilləri baş qaldırır, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və ağır insan itkiləri dövlət müstəqilliyinin itirilməsi təhlükəsini reallığa çevirirdi. Cəmiyyətdə dərin inamsızlıq və idarəetmə boşluğu hökm sürdüyü bir vaxtda xalqın gözü Naxçıvana, siyasi müdrikliyi və dövlətçilik təcrübəsi ilə bütün dünyada tanınan Heydər Əliyevə yönəlmişdi. Məhz belə taleyüklü bir məqamda 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Ulu Öndərə müraciət ünvanlayaraq xalqın səsini çatdırdı: “Azərbaycan Sizin sözünüzü gözləyir”.

Görkəmli dövlət xadimi bu tarixi çağırışa oktyabrın 24-də cavab verdi. Ulu Öndər Heydər Əliyev “91-lər”ə ünvanladığı cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının obyektiv zərurətdən qaynaqlandığını xüsusi vurğuladı və bu siyasi qurumun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu qətiyyətlə bəyan etdi. Belə bir mürəkkəb tarixi şəraitdə - 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının  təsis konfransının keçirilməsi təkcə yeni siyasi təşkilatın yaranması deyil, həm də müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının konseptual təməlinin qoyulması idi. Yeni Azərbaycan Partiyasının təsis olunması ilə cəmiyyətin müxtəlif təbəqələrini - ziyalıları, dövlət idarəçiliyində təcrübə toplamış mütəxəssisləri, gəncləri və sadə vətəndaşları birləşdirən ümummilli ideya ətrafında toparlanma prosesi başladı. Bu ideyanın özəyində müstəqil dövlətçilik, azərbaycançılıq məfkurəsi, hüquqi dövlət quruculuğu və vətəndaş həmrəyliyi dayanırdı.

Ölkədə vətəndaş qarşıdurması təhlükəsinin yaranması, Gəncə hadisələri və mövcud hakimiyyətin idarəetməni itirməsi nəticəsində respublika parçalanma həddinə çatdı. Bu şəraitdə YAP-ın və geniş ictimaiyyətin Ulu Öndər Heydər Əliyevin Bakıya dəvət olunması ilə bağlı tələbləri ümummilli hərəkata çevrildi. Dahi şəxsiyyət Heydər Əliyev xalqın və respublika rəhbərliyinin təkidli dəvəti ilə 1993-cü il iyunun 9-da Bakıya gəldi. İyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu hadisə müstəqil Azərbaycanın xilası və yenidən qurulmasının başlanğıcı kimi tarixə düşdü. Ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, cəmi 10 ay əvvəl yaranmış Yeni Azərbaycan Partiyası ölkənin aparıcı iqtidar partiyasına çevrildi və 1992-ci il konfransında elan edilmiş inkişaf strategiyasının praktiki icrasına başlanıldı. 1994-cü ilin mayında cəbhədə atəşkəsə nail olundu, ölkə daxilində silahlı qruplaşmalar zərərsizləşdirildi və ictimai-siyasi sabitlik bərpa edildi. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə imzalanan müqavilə müstəqil Azərbaycanın yeni neft strategiyasının və iqtisadi dirçəlişinin əsasını qoydu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi və ilk parlament seçkiləri keçirildi və s. Sonrakı onilliklərdə reallaşdırılan nəhəng enerji və nəqliyyat layihələri, regionların sosial-iqtisadi inkişafı, institusional modernləşmə və nəhayət, Azərbaycanın ərazi bütövlüyü ilə suverenliyinin tam bərpa olunması məhz 1992-ci ilin noyabrında əsası qoyulan və sonrakı mərhələlərdə uğurla davam etdirilən strateji kursun məntiqi nəticəsi kimi tarixə yazıldı.

Bu gün Ümummilli Lider Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni şanlı səhifələr yazır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün sıralarında yüz minlərlə insanı birləşdirən nüfuzlu təşkilatdır. Partiya üzvlərinin əhəmiyyətli hissəsini təşkil edən gənclər Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna fədakarlıq nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımızın 30 illik erməni işğalına son qoydu və xalqımız adını dünya tarixinə qalib xalq kimi həkk etdirdi. Azərbaycanın ictimai-siyasi həyatında əldə olunan bütün nailiyyətlər və tarixi Zəfər Yeni Azərbaycan Partiyasının sağlam təməllər üzərində qurulmasının, ümummilli ideya və dəyərlərə sadiqliyinin bariz təzahürüdür. Ötən onilliklər ərzində partiyanın keçdiyi şərəfli yol, sıralarının həm kəmiyyət, həm də keyfiyyət baxımından zənginləşməsi təsdiq edir ki, Ulu Öndər Heydər Əliyev ideyalarından qidalanan bu siyasi güc ölkə qarşısında duran istənilən vəzifəni yerinə yetirməyə, xalqımızı daha firavan gələcəyə aparmağa qadir olan vahid və sarsılmaz təşkilatdır.

Sevinc Azadi, “İki sahil”