Ali (orta) ixtisas təhsil müəssisələri tələbələri üçün ixtisasa uyğun müxtəlif təcrübə proqramları həyata keçirirlər. Bəs bu proqramlar tələbələrin gələcəyi üçün hansı karyeralar vəd edir?
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, təhsilalanlar dövrün tələblərinə uyğunlaşmalıdır: “Müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə, yeni texnologiyaya yiyələnməlidirlər. Tələbələr ali məktəbi bitirdikdən sonra işlə təmin olunmaqda müəyyən çətinliklərlə üzləşirlər. Əsas səbəb kimi onların təcrübəsizliyi göstərilir, işəgötürənlər tərəfindən müxtəlif təlimlərə cəlb olunmaları, əlavə kursları bitirmələri tələb olunur. Bu mənada tələbələrin təcrübəsi müvafiq təhsil proqramlarının mühüm tərkib hissəsidir. Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan müvafiq ixtisaslar üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir. Təcrübənin əsas vəzifələri tələbənin aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək, onların aldıqları nəzəri biliklərin əmək fəaliyyətində istifadəsini təmin etmək, ixtisasın xüsusiyyətlərindən asılı olaraq tələbələrdə işgüzarlıq, təşkilatçılıq və peşə vərdişləri aşılamaqdır.”
Nadir İsrafilov, həmçinin qeyd etdi ki, təcrübə proqramları təkcə iş tapmaq üçün yox, bir çox məqamlarda müsbət rol oynayır. Həmsöhbətimizin qənaətinə görə, təcrübə proqramları tədris proqramlarının təkmilləşdirilməsi, metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılması, nəzəriyyədə əldə olunan biliklərin təcrübədə qavranılmasına kömək edir, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, strateji əhəmiyyət kəsb edən ixtisaslar üzrə savadlı və təcrübəli kadrların yetişdirilməsi baxımından da faydalı olur.
Ekspert əlavə olaraq vurğuladı ki, semestr ərzində tələbələr qazandıqları nəzəri bilik, metodik məlumatlar, praktik fəaliyyət meydanına qədəm basırlar: “Nəticədə də təcrübə bütövlükdə təhsil müəssisəsinin professor-müəllim (orta ixtisas məktəblərində pedaqoji kollektiv) heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Hər bir peşə üzrə təcrübənin olması labüddür. Təcrübə müddətində izləninlənlərin müəyyən qismi gələcək iş həyatında təkrarlanır. Bu isə yarana biləcək hər cür çətinliklərdən çıxmaqda mühüm rol oynayır. Təcrübə sabahın kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, hazırlıq formalarından biridir. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayır, uğurlu sınaq və imtahan dərsləri ilə bir sinif məkanında, kiçik qrup miqyasında həmin sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər. Təcrübə çox genişmiqyaslı təlim və təhsil prosesinin imtahan yoxlamaq və qiymətləndirmək mümkün olmayan tərəf və məqamlarının nəticələrini öyrənməkdə, müşahidə etməkdə, həyat-məktəb meydanında aşkara çıxarıb qiymətləndirmədə, təhsilin qalan sonrakı mərhələlərində boşluqları doldurub problemləri korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış bir forma, vasitə və amil kimi əhəmiyyət daşıyır. Hesab edirəm ki, universitetlər tərəfindən həyata keçiriləcək bu addım bütün kadr hazırlayan təhsil müəssisələrinin gələcək inkişafı üçün də müsbət bir o qədər mühüm rol oynayır.”
Ekspert Kamran Əsədov isə bildirdi ki, tələbələr gələcəkdə uğurlu və sağlam karyera üçün dövrün son yeniliklərindən, texnoloji inqilabından xəbərdar olmalıdırlar. Bəzi biliklər və məlumatlar təkcə nəzəri deyil, praktiki bilgi də tələb edir. Məhz bu baxımdan tələbələr mövcud təcrübə proqramlarında aktiv iştirak etsələr, bunun mənimsəmə prosesində mühüm təsiri olar. Təcrübə keçirən müəssisələr tələbələr üçün müxtəlif həvəsləndirici tədbirlər reallaşdırmalıdır. Belə ki, həmin müəssisələr proqramın sonunda fəal tələbələri işə cəlb edərlərsə, bu addım tələbələr üçün önəmli stimul rolunu oynayar. Həm də gənclərin işlə təmin olunma prosesini də sadələşdirər. Bu da təcrübə proqramlarının faydalı olmasını göstərən səbəblərdən biridir.”
Yaqut Ağaşahqızı, “İki sahil”