Könüllü tibbi sığorta proqramı SOCAR işçilərinə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsini nəzərdə tutur. Könüllü tibbi sığorta sosial müdafiənin bir növü olub hər hansı bir sığorta hadisəsi baş verdikdə SOCAR-ın maliyyə vəsaiti hesabına tibbi yardımın reallaşmasına zəmanətdir və bir sıra üstünlükləri vardır. Belə ki, sığorta şirkəti sığortalılar üçün gün ərzində 24 saat telefon əlaqəsini təmin etməklə tibbi xidmətin təşkilini həyata keçirir, təyin olunmuş müalicənin müddəti və müraciətlərin sayına heç bir məhdudiyyət qoyulmur, sığortalı tərəfindən tibb müəssisəsinin və müalicə edən həkimin sərbəst seçilməsi kimi imkanlar yaradılır, mütəxəssislərlə məsləhətləşmələr təmin edilir, istirahət və bayram günləri də daxil olmaqla təcili və təxirəsalınmaz tibbi yardım təşkil olunur, dəyərindən asılı olmayaraq zəruri müayinə və müalicə üsullarının aparılması həyata keçirilir, həkim qəbulunun yeri və vaxtı barədə əvvəlcədən razılığa gəlmək imkanı yaradılır.
SOCAR əməkdaşları tibbi sığorta ilə bağlı onları maraqlandıran hər hansı bir sualla SOCAR-ın Baş ofisinin İşçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin aşağıdakı “Qaynar xətt” nömrələrinə zəng edə bilərlər:
(012) 521-14-73 və 10-573 (daxili)
(012) 521-14-74 və 10-574 (daxili)
Hörmətli neftçilər! Sizləri daha çox maraqlandıran sualları cavablandırmaqda davam edirik.
Sual: Tibb müəssisəsinə müraciət edəcəyim barədə əvvəlcədən hara məlumat verməliyəm?
Cavab: Tibb müəssisəsinə müraciət etməzdən əvvəl gün ərzində 24 saat fəaliyyət göstərən (012)505-84-84 nömrəli telefona zəng etməli, adınız və soyadınız, işlədiyiniz müəssisə və əlaqə telefon nömrəniz, yaranan problemin qısa məzmunu və ya tələb olunan tibbi yardım barədə məlumat verməlisiniz. Bütün bunlar Sizə göstəriləcək servis xidmətlərini yaxşılaşdırmaq üçündür.
Sual: İl ərzində heç bir tibbi müəssisəyə müraciət etməmişəm, mənim üçün ödənilməsi nəzərdə tutulmuş sığorta haqqım özümə veriləcəkmi?
Cavab: Sığortadan istifadə edib-etməməsindən asılı olmayaraq sığortalıya onun üçün nəzərdə tutulmuş sığorta haqqı verilmir.
Sual: Xəstə stasionar şəraitdə müalicə aldığı zaman (xroniki böyrək çatışmazlığı olmadığı halda ) neçə seans hemodializ ala bilər?
Cavab: Xəstənin vəziyyəti stabilləşənə qədər hemodializ ala bilər.
Sual: İşlədiyimiz ərazidə bəzən ilanvurma hadisəsinə rast gəlinir. Belə hal baş verdikdə zərdab sığortaçı hesabına vurulmalıdırmı?
Cavab: Bəli. Təcili və təxirəsalınmaz hallarda istifadə edilən vaksinasiyalar sığorta təminatına daxildir.