11 iyun 2019 11:52
1648

Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massiv qazlaşdırılır

Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massiv təbii qazla təmin edilir.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, dövlət başçısının müvafiq sərəncamları ilə qəbul olunan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bu gün ölkəmizin ən ucqar ərazilərinə belə qaz xətti çəkilir, əhalinin “mavi yanacaq”dan istifadəsi üçün lazım olan bütün lazımi addımlar atılır. Respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi Tovuz rayonu da inkişaf etməkdədir. Burada yaradılan şərait nəticəsində mənzillərin sayı durmadan artmaqda davam edir və yeni yaşayış massivləri salınır.

Cari ilin qazlaşdırma proqramında qazlaşdırılmış yaşayış məntəqələrinin genişlənən hissələrindəki yeni massivlərin qazlaşdırılması əsas yer tutur ki, aparılan işlər çərçivəsində hazırda Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massivin qazlaşdırılması uğurla icra edilir. Tərtib edilmiş layihəyə uyğun olaraq, yeni massivin “mavi yanacaq”la təmin olunması məqsədilə ümumi uzunluğu 13 min 200 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi, 104 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Artıq işlərin 80 faizi yerinə yetirilib, tezliklə ərazinin qazlaşdırılması tam yekunlaşacaq. Qeyd olunan yaşayış məntəqəsinə təbii qazın çəkilişi əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ekologiyanın qorunmasına xidmət edəcək.