18 sentyabr 2026 16:46
244

Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ

Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib ki, müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir

XXI əsr türk əsridir. Bu gün Türk dünyası sözn əsl mənasında özünün yüksəliş və tərəqqi dövrünü yaşayır. Bəşər mədəniyyətinə böyük töhfələr verən, zaman-zaman insanlığın inkişaf axarını dəyişdirən, tarixən yaratdıqları dövlətlər, mədəniyyət, elm, hərb sənəti və ticarət ilə dünya sivilizasiyalırnı əhəmiyyətli dərəcədə zənginləşdirən, fərqli din və etnik qrupları ədalət və tolerantlıq prinsipləri ilə bir arada yaşatmağın ən mükəmməl modelini quran, İslamın Qızıl Çağında dünya elm xəzinəsinə əvəzsiz töhfələr verən  Tükdilli xalqları ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi qırılmaz bağlarla birləşdirir.

Böyük coğrafi məkanı əhatə edən, qədim tarixə, zəngin mədəniyyətə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinə, zəngin təbii ehtiyatalara, müsbət demoqrafik dinamikaya, məcmu ÜDM 2,4 trilyon dollar, ticarət dövriyyəsi isə 1,7 trilyon dollar səviyyəsində olan Türk dünyasının və Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz daim Türk dünyasının sıx birləşməsinə böyük töhfələr verib.

 Dünya nizamının yenidən qurulduğu, müəyyən güc mərkəzlərinin “güclüyəm haqlıyam” prinsipi ilə hegemonluq etdiyi dövrdə regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarını təbliğ və təşviq edir. Həmçinin türk xalqları ortaq etnik köklərə, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərə söykənən ailə olaraq qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafına böyük töhfələr verir. Hazırda dünyanın üzləşdiyi geosiyasi və təhlükəsizlik çağırışları türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb edir. Bu baxımdan türk dövlətlərinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələr aparmaları mühüm əhəmiyyət kəsb edir.   

Azərbaycan daim Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirən müqavilə, bəyannamələr imzalaması bu istiqamətdə atdığı addımların bariz nümunələrindəndir.

 Prezident İlham Əliyev daim vurğulayır ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Dövlətimizin başçısı sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib ki, müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Hazırda əsas məqsəd geniş coğrafi məkanı əhatə edən, kifayət qədər böyük potensiala malik olan və güclənməkdə davam edən TDT-nin beynəlxalq müstəvidə rolunu daha da artırmaqdır. Azərbaycan bu istiqamətdə ciddi səylər göstərir. Bugünlərdə Bakıda TDT-nin Dini rəhbərlər Şurasının 7-ci toplantısının və Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının eyni vaxtda keçirilməsi bunun bariz nümusədir.

Zəngin təbii resursların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, böyük mədəniyyət bu coğrafiyanın böyük sərvətidir. Hazırda qlobal və regional sınaqlar qarşısında türk dövlətləri arasındakı enerji və nəqliyyat bağlantılarının gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə, təhlükəsizlikdən danışmaq mümkün deyil. Bu mənada ölkə başçısının çıxışında Orta Dəhlizin, Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsini Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində prioritet istiqamətlərdən biri kimi göstərməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edir, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçirir. Avropa ilə Asiyanın qovşağında yerləşən, TDT-yə üzv Mərkəzi Asiya ölkələri və Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi türkdilli ölkələr üçün nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, dünyanın müxtəlif bölgələrində xaos və anarxiyanın, münaqişə və müharibələrin davam etdiyi bir dövrdə TDT-yə üzv ölkələrdə sabitlik, əmin-amanlıq bərəqrar olub. İctimai asayişlə, müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır. Bu kontekstdə dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsi, məlumat mübadiləsi, operativ məlumat mübadiləsi, birgə fəaliyyət və mövcud təhdidlərə, ideloji təxribatlara qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında koordinasiyanın gücləndirilməsi bu coğrafiyada həyati əhəmiyyət daşıyır. Çünki bəzi beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Bu mənada gənclər siyasəti ilə bağlı tədbirlərin həytaa keçirilməsi də diqqət mərkəzində olmalıdır. Dövlətimizin başçısı çıxışında bu məsələ ilə bağlı bildirib: “Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik”.

Nəhayət, bunların fonunda əminliklə demək olar ki, geniş coğrafiyada ortaq maraqlara, zəngin iqtisadi və enerji potensialına, mühüm nəqliyyat bağlantılarına, gənc nəslə, qarşlıqlı etimad üzərində qurulmuş əməkdaşlığa, qardaşlıq iradəsinə malik  TDT bu gün Avrasiyada böyük gücə çevrilmək yolunda inamla irəliləyir.

Zahid Rza, “İki sahil”