18 sentyabr 2026 20:02
97

Suverenliyimizin, ərazi bütövlüyümüzün zəmanəti: İradəmiz, qətiyyətimiz, hərbi gücümüz, birliyimiz, milli dəyərlərimiz

“Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.”  Dövlətimizin başçısı  İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən onu da əlavə etdi ki, bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.

Azərbaycanın İslam dünyasının birliyinə töhfələri davamlılığı ilə diqqətdədir. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir.  Dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq: “Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik. Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir”.

Son 6 ilin qürurverici hadisələrindən biri paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir. Həmçinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçılarının  bu torpaqlara səfərləri təşkil edilir, onlara 30 illik işğal və postmünaqişə dövrünün reallıqları ilə yaxından tanış olmaq imkanı yaradılır. İşğal dövründə Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır. 30 il davam edən danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlər isə məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istəyirdi. Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi. Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Şəhidlərimizin canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına  ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir.

Cənab İlham Əliyev özlüyündə yaranan “Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük” sualına cavab olaraq bildirdi ki, bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bəziləri yarıdağılmış vəziyyətdə idi. Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq.

Bu gün sülh şəraitində yaşayırıq. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, bu, uzunmüddətli olacaq. Hər halda Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Ancaq biz bizə qarşı, xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək. Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq, imkan verməyəcəyik ki, yenə də xalqımıza qarşı hansısa məkrli planlar baş tutsun. Biz ayıq olmalıyıq, ayığıq və eyni zamanda, öz hərbi gücümüzü də artırırıq. Məhz hərbi güc və övladlarımızın qəhrəmanlığı nəticəsində biz Ermənistanın işğalçı ordusunu öz torpaqlarımızdan qovmuşuq. Ona görə hərbi vətənpərvərlik tərbiyəsi bu gün Azərbaycanda çox geniş vüsət alıb. Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. “Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq. Suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri