29 iyul 2020 17:25
1361

Türkiyə-Azərbaycan təlimləri: düşmənə göz dağı əməliyyatı

Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır

 

Tarix təkrarlanır. 102 il əvvəl Osmanlı imperiyasının Qafqaz İslam Ordusu yenicə qurulan Xalq Cümhuriyyətini qorumaq, gənc dövlətin ərazisini erməni-bolşevik ünsürlərindən təmizləmək üçün Azərbaycana gəlmişdi.

Türkiyə Ordusu yenə Azərbaycandadır. Ancaq bu dəfə Cümhuriyyətin varisi ilə həmrəylik nümayiş etdirmək, onunla əbədi bir mövqedə olacağını göstərmək üçün.

Birinci Dünya müharibəsində iştirak edən və ağır duruma düşmüş Osmanlı dövləti 102 il əvvəl Azərbaycanın yanında oldu. İndi həmin dövrdəkindən daha güclüyük. Düzdür, şərtlər oxşardır, dostlar da, düşmənlər də dəyişməyib. Azərbaycan torpaqları yenə işğal altındadır. Ermənistan havadarları və himayədarlarının maliyyə, siyasi, mənəvi yardımı ilə ölkəmizin dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədib. Həmin hadisədən 17 gün sonra Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycanda hər iki ölkənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. 

Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilir. 

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib. Yük təyyarələri ilə gətirilən Türkiyə Ordusunun hərbi daşıma, hücum və döyüş helikopterləri Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilib.

Tarixə düşmənlər həmişə bölgədə Azərbaycan və Türkiyənin yaxınlaşmasına mane olub, bu birlikdən ehtiyatlanıb, çəkiniblər. İndi də bundan qorxanlar var. Bu yaxınlaşmadan ən çox vahimələnən işğalçı Ermənistandır. Çünki bu iki dövlətə qarşı tarixboyu o qədər haqsızlıqlar, xəyanət edib ki, nə vaxtsa onun cavabını alacağından ehtiyatlanır. Odur ki Azərbaycanla Türkiyə bir yerdə tədbir keçirəndə ermənilər elə bilirlər ki, törətdikləri əməllərin cavabını verəcəkləri həmin gün gəlib çatıb. 

Rəsmi Yerevan narahatlıqla Rusiya, ABŞ və Fransadan yardım istəyir. Onlardan “narahatlığa əsas yoxdur” cavabını alandan sonra sakitləşir, öz çirkin əməllərini davam etdirir. Ermənistan bu təlimi və Azərbaycan-Türkiyə münasibətlərini Rusiyaya yönəldir.

“Xain xoflu olar” deyiblər. Ermənistan rəhbərliyi elə hesab edir ki, Türkiyə Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Ona görə bu məsələni Rusiyanın iştirak etdiyi Liviya, Suriya kimi münaqişələrlə müqayisə etməyə çalışır, bütün ciddi-cəhdlə Moskva-Ankara qarşıdurması yaratmağa səy göstərir.

İyulun 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Ermənistan KİV sevincək yazıb ki, guya Putin Ərdoğana Ermənistan-Azərbaycan münaqişəsinə qarışmamağı məsləhət görüb.

Türkiyə prezidenti və rəsmilər “Ermənistana həddini bil. Azərbaycanın yanındayıq. Qafqaz İslam Ordusunun etdiklərini edərik” ismarıcını verdilər. Ancaq Ankara və Bakı Ermənistandakılardan, onların himayədarlarından fərqli olaraq beynəlxalq hüquq normalarına, beynəlxalq münasibətlərə hörmət edir, onu gözləyirlər.

Bu baxımdan, Ermənistanın şou yatarmaq cəhdi baş tutmadı. Putinlə Ərdoğanın məlum təxribatı, bu gün başlayan hərbi təlimləri, Liviya, Suriyadakı vəziyyəti, pandemiyanı, habelə Türkiyə-Rusiya münasibətlərini müzakirə etdiklərini ehtimal etmək olar. Ancaq Rusiya prezidentinin türkiyəli həmkarına Ermənistanın arzuladığı “göstərişi” verməsi Putinlə Ərdoğana yaraşan davranış deyil.

Ermənilər Rusiya-Türkiyə gərginliyini yaratmaq çabası ilə Qərbdəki hamilərinin də xoşuna gəlməyə çalışırlar. ABŞ, Fransa, Almaniya ayrı-ayrılıqda “S-400”, terrorçu PKK-ya qarşı fəaliyytinə, Suriyada antiterror əməliyyatını davam etdirdiyinə, suriyalı və iraqlı qaçqınlarla bağlı məsələyə görə Türkiyəyə qarşı sərt mövqedən çıxış edirlər.

Beləliklə, ermənilər Bakı və Ankaranın birgə hərbi təlimlərindən bəhanə kimi istifadə edərək Rusiya və Qərb dövlətlərini Türkiyə ilə Azərbaycana qarşı qoymağa çalışırlar. Bununla da rəsmi Yerevan Kreml və Qərb tərəfindən başının tumarlanmasını, onları guya sadiq qulluqçu olduğuna əmin etməyə və pozuculuq fəaliyyətinə görə pay almağa çalışır.

İyulun 28-də Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın Yerevandakı səfiri Sergey Koprıkin, Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi general-leytenant Onik Qasparyan isə ABŞ-ın Yerevandakı səfiri Linn Treysi və səfirliyin hərbi attaşesi, polkovnik Skott Maksvellə ayrı-ayrılıqda görüş keçiriblər.

Görüşlərdə regiondakı vəziyyət, hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Həmin görüşlərdə iyulda Azərbaycanın dövlət sərhədində ermənilərin törətdiyi təxribatın, eləcə də iyulun 29-da başlayan hərbi təlimlərin, işğal altında olan Dağlıq Qarabağ bölgəsinə dair məsələlərin də müzakirə olunduğu istisna edilmir. Belə ehtimal etmək olar ki, Ermənistan rəsmiləri qarşı tərəfə Türkiyə-Azərbaycan birliyindən şikayət edib, bu birlikdən narahatlıqlarını dilə gətirib, gələcək fəaliyyət üçün maliyyə yardımına ehtiyacları olduqlarını bildiriblər.

Yeri gəlmişkən, iyulun 23-də Rusiya ilə Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə ortaq regional hava müdafiə sistemi təlimləri keçirib. Təlimin məqsədi kəşfiyyat və silahlı pilotsuz uçan aparatlara qarşı mübarizə üsullarının araşdırılması olub. Manevr əsnasında silahlı PUA-lara qarşı yeni mübarizə üsulları inkişaf etdirmək nəzərdə tutulub. Ermənistanda yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazanın “MiQ-29” hücum təyyarələri 5 min metr yüksəklikdə təlim uçuşları həyata keçirib. Bazanın 1500-dən artıq hərbi qulluqçusu yay mərhələsinin yekunlarına dair təlimlərdə iştirak edib. Təlimlər Rusiyanın “Kaxmud” və “Alaqyaz” (“Alagöz”) kimi yüksək, dağlıq poliqonlarında həyata keçirilib.

Bu, Moskva və Yerevanın Azərbaycan və Türkiyəya qarşı planlaşdırılmış hərbi təlimi kimi qəbul olundu. Amma Bakı və Ankara Rusiya ordusunun keçirdiyi və erməni hərbçilərin də iştirak etdiyi bu tədbirdən vahimələnib, ABŞ-a, yaxud NATO-ya şikayət etmədi və s.

Azərbaycanla Türkiyənin bu gün başlayan birgə hərbi təlimləri 19 il əvvəl baş vermiş hadisəni bir də yada saldı. 2001-ci ilin yayında İranın hərbi təyyarələri Azərbaycanın hava məkanına soxulmuş, sonra geri çəkilmişdi. Həmin ilin avqustunda türk şahinləri Azərbaycana gəldi. Bakıda Azadlıq meydanının üzərində uçuşlar edib, Azərbaycan-Türkiyə birliyini nümayiş etdirməklə dostları qürurlandırdı, düşmənlərə göz dağı verdi. Bu gün iki dövlətin göz dağı əməliyyatı başlayıb. Dostlar sevinir, qürurlanır, düşmənlər vahimələnir. Ancaq hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni  və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoş məramlılara qapılarını açıq saxlayırlar. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir.

Sədrəddin İsmayılov