14 avqust 2019 12:29
203

Türkiyə hərbi texnikanın növbəti partiyasını sərhədə göndərdi

ABŞ və Türkiyə hərbi səlahiyyətlilərinin Birgə Əməliyyat Mərkəzinin yaradılması üzrə iş apardığı Türkiyənin Şanlıurfa vilayətinin Akçakale mahalına hərbi texnikanın göndərilməsi davam edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hərbi texnikanın növbəti partiyası ötən gecə saatlarında təhlükəsizlik tədbirləri ilə Suriya sərhədində yerləşən Akcakaleyə göndərilib.

Xatırladaq ki, avqustun 7-də Türkiyə və ABŞ Suriyanın şimalında planlaşdırılmış təhlükəsizlik zonasında əməliyyatların koordinasiya və onlara nəzarət edilməsi məqsədilə Birgə Əməliyyat Mərkəzi yaratmaq haqda razılıq əldə edib.

Ankarada üç gün sürən danışıqlardan sonra iki ölkə Suriyanın şimalında Türkiyə ilə sərhəddə təhlükəsizlik zonasının “sülh dəhlizi” olacağını və müharibə nəticəsində məcburi köçkün olmuş suriyalıların vətənlərinə qayıtması üçün bütün səylərin göstəriləcəyini açıqlayıb.