14 yanvar 2020 13:32
1348

Tüstü dünyanı bürüyəcək?

Avstraliyadakı yanğının tüstüsü bütün dünyanı əhatə edə bilər

Avstraliyada kütləvi yanğınlardan törəyən tüstü tezliklə bütün Yer kürəsini əhatə edə bilər.

“İki sahil” xəbər verir ki, ölkənin şərq sahillərindən aylardır qalxan tüstü get-gedə Sakit okeana tərəf yönəlib.

“Nasa” yeni il bayramı günü tüstü axınının Cənubi Amerikaya keçdiyini, səmanı dumana bürüdüyünü və yanvarın 8-dək dünyanın yarısını əhatə etdiyini bildirib.

ABŞ Kosmik Agentliyi tüstünün yer üzərində ən az bir dəfə tam dövr edəcəyini açıqlayıb.

Qeyd edək ki, Avstraliyada baş vermiş yanğınların 28 nəfərin həyatına son qoyduğu, iki mindən artıq evi məhv etdiyi bildirilir.

Mütəxəssislərin fikrincə, yanğınların görünməmiş miqyası və intensivliyi iqlim dəyişikliyi ilə bağlıdır. 

“Nasa” qeyd edib ki, bu duman o qədər qatıdır ki, ciddi təbiət dəyişikliklərinə, genişmiqyaslı tufanlara səbəb ola bilər.

Qatı duman stratosfer qatında 17,7 km yüksəkliyədək qalxıb.

“Nasa” xəbər verir ki, tüstü Cənubi Amerikada səmanın rəngini tamamilə dəyişib, Yeni Zelandiyada atmosferə hədsiz mənfi təsir göstərib, dağların başında olan qarın rəngi gözlə görünən dərəcədə qara rəngdə olub.

Avstraliyanın Sidney, Melburn, Kanberra və Adelaide kimi ən iri şəhərlərində havanın keyfiyyəti təhlükəli vəziyyətdədir.

Ölkənin şərqində hələdə yanğınlar davam edir. Havaların sərinləşməsinə və yağışın yanğınsöndürmə proseslərinə yardım etməsinə baxmayaraq, fəlakətin qarşısını tam almaq hələ də mümkün deyil.

Nubar Süleymanova,

“İki sahil”